“Kəpəz”in gürcü legioneri Giorgi Kantariyanın apasport.az saytına müsahibəsi
- "Kəpəz" "Sumqayıt" la matçda meydanı məğlub tərk etdi. Səncə, nəyə görə uduzdunuz?
- Məğlub olmağımız pis oldu. Ev oyunlarımızı Qəbələdə keçirməyimiz də pisdir. Matç Gəncədə keçirilsəydi, tamam fərqli nəticə olardı. Buna əminəm. Qol imkanlarından yararlana bilmədiyimiz üçün məğlub olduq. Özü də qol epizodlarımız çox idi. "Sumqayıt" isə əlinə düşən fürsətdən istifadə etdi. Hansı ki, həmin qolu ədalətli olmadan qeydə aldılar.
- Buraxdığınız qol çox müzakirə edildi. Həmin epizodu necə şərh edərsən?
- Hər yerdə həmin epizod müzakirə edilir. Futboldan kimin başı çıxır, ofsaydın nə olduğunu bilən hamı orada qolun qaydalar çərçivəsində vurulmadığını deyir. Həmçinin ədalətsiz şəkildə qolun qeydə alındığını da bildirirlər.
- Ümumiyyətlə, bu mövsüm "Kəpəz"in hakimlikdən narazı qaldığı görüşlər az olmayıb. Səncə, nəyə görə belə hallar baş verir?
- Bu cür səhvlər çox olub. Hansı ki, hakimlər səhv edib və bu da nəticəyə təsir edib. Çox fakt var. Özü də, əksəriyyəti kobud səhvlərdir və birbaşa nəticəyə təsir edir. Bu cür səhvlərə görə, hər çempionatda hakimləri cəzalandırırlar. Azərbaycan Premyer Liqasında isə belə bir şey görməmişəm.
- Bərbad ot örtüyü olan doğma meydanda, yoxsa əla ot örtüyü olan neytral meydanda mübarizə aparmaq yaxşıdır?
- Təbii ki, evdə, Gəncədə, öz azarkeşlərimizin qarşısında oynamaq ən yaxşısıdır. Bu, bizim üçün böyük üstünlük olardı. Ancaq təəssüflər olsun ki, stadionumuzun ot örtüyü "yanıb" və vəziyyəti yararsız hala düşüb.
- Səncə, "Kəpəz" Premyer Liqadakı yerini qoruyub-saxlaya biləcək? Üstəlik, irəlidə "Sabah", "Zirə", "Qəbələ" və "Neftçi"yə qarşı oyununuz var...
- Bizim üçün rəqibin kim olmasının fərqi yoxdur. Çünki "Kəpəz"in öz məqsədləri var. Bunun uğrunda da sona qədər mübarizə aparıb, yerinə yetirməyə çalışacağıq. Heç bir rəqibə baxmırıq, özümüzə köklənmişik. Paltardəyişmə otağında bir-birimizə baxırıq və əmin oluruq ki, istədiyimiz nəticəni qazana bilərik. Biz bu komandalarla mövsümün gedişində oynamışıq. Üstəlik, xallar da qazanmışıq. Ona görə də, heç bir rəqibdən qorxmuruq. Mübarizə davam edir.
- "Sabah"la matçda qələbə qazanmaq mümkün olacaq?
- Məğlubedilməz komanda yoxdur. Ona görə də, futbolda hər şey mümkündür. Əsas odur ki, inanasan və məqsədinin arxasınca gedəsən. Biz öz işimizi özümüz həll edəcəyik. Onların da öz işi var. Çox maraqlı oyun olacaq.
- Özün necə, "Kəpəz"də qalmağı planlaşdırırsan? Sənə yeni müqavilə təklif edilib?
- Düzünü deyim, bu haqda hələ heç düşünmürəm. Heç kimlə də bu barədə danışmamışam. Mövsümün sonu gəlsin, hər şey aydınlaşacaq. İndi ancaq qarşıdakı görüşləri düşünürəm.