Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ikinci tanıtım çarxı yayımlanıb.
Apasport.az xəbər verir ki, video çarxda Namiq Abdullayev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Fərid Mansurov, Rafael Ağayev, Niyaməddin Paşayev, Ağası Məmmədov və Mehdi Budaqlı kimi sıra idman növlərinin olimpiya və dünya çempionları iştirak ediblər.
Onlar mundialda iştirak edəcək idmançılarımızı ruhlandıracaq fikirlər səsləndirərək dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, 26-cı dəfə təşkil olunacaq mundial Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcək. Dünyanın ən güclü taekvondoçuları burada 16 çəki dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək. Yubiley tədbiri Bakıda qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.