“Kəpəz”in legioneri Latir Fall apasport.az saytına müsahibə verib.
O, komandasının “Neftçi” ilə matçdakı 3:3 hesablı heç-heçəsini şərh edib. Portuqaliyada “Şaveş”, “Feyrense”, “Eştrela Amadora” klublarında oynamış seneqallı Azərbaycan Premyer Liqasındakı mübarizəsindən də söhbət açıb.
- “Neftçi” ilə matçda heç-heçə etdiniz. 3:3 hesabı haqqında nə düşünürsünüz? Sizin üçün yaxşı nəticədir?
- Bəli, məncə, “Neftçi” ilə matçda 3:3 hesabı bizim üçün yaxşı nəticədir. Hazırkı vəziyyətdə bizim üçün qazanılan hər bir xal olduqca vacibdir. Yolumuza davam edirik və şadam ki, bu turu da xalla başa vurduq.
- Sizcə, qalib gəlməyinizə nə mane oldu? Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Bəli, matçın gedişatını nəzərə alsaq, məncə, iki xal itirdik. Çünki üç dəfə hesabda önə keçmişdik. Amma hər dəfə rəqib cavab qolunu vurdu. Bunun qarşısını ala bilmədik. Olduqca maraqlı və gərgin görüş idi. Heyf ki, qalib gələ bilmədik.
- Penalti epizodu haqqında nə düşünürsünüz? Sizcə, qapınıza təyin olunan penalti haqlı idi?
- Bəli, penaltinin ədalətli olduğuna inanıram. Hakim VAR-a baxdıqdan sonra penalti təyin etdi. Bununla bağlı nəsə deyə bilmərəm.
- Növbəti oyun “Zirə”yə qarşıdır. Bu matç haqda nə düşünürsən? “Zirə”ni səfərdə məğlub etmək olar?
- “Neftçi” ilə matç artıq geridə qaldı və bizi qarşıdakı oyun düşündürür. Artıq hazırlıqlara başlamışıq. Biz bilirik ki, “Zirə”yə qarşı çox çətin matç olacaq. Onların yaxşı komandası var. Amma bəli, səfərdə qalib gələ bilmək üçün keyfiyyətlərimiz var.
- “Kəpəz”in ev oyunlarını harada keçirəcəyi bəlli deyil. Siz bu barədə nə düşünürsünüz? Yorucudur?
- Bəli, açığı, yorucu olur. Çünki azarkeşlərimizin qarşısında oynamaq çox vacibdir. Amma məlum məsələyə görə, bu hələ ki, mümkün olmur. Harada oynayacağımız barədə məlumatım yoxdur.
- Gəncədə yaşamağı xoşlayırsan? Portuqaliyada yaşamaq yaxşıdır, yoxsa Gəncədə?
- Əlbəttə, mən Gəncədə yaşamağı sevirəm. Çox sakit şəhərdir. İnsanlar da çox mehribandır. Bu da vacib məqamdır. Amma əlbəttə, Portuqaliyadan fərqlidir. Düzü, Portuqaliyada yaşamağı da çox sevirəm.
- Uzun illər Portuqaliyada oynadıqdan sonra Azərbaycana gəldin. Portuqaliyadan Azərbaycana gəlməyinə peşman deyilsən ki? Portuqaliya və Azərbaycan liqaları arasında fərq yüksəkdir?
- Qətiyyən peşman deyiləm. Çünki bu, mənə yeni şeylər öyrənməyə, başqa təcrübələr kəşf etməyə imkan verdi. Özümü Azərbaycanda xoşbəxt hiss edirəm. Bəli, buradakı futbol Portuqaliya çempionatından çox fərqlidir. Hər halda, mən futbolçuyam, harada, nə etmək lazım olduğunu deyirlərsə, onu yerinə yetirməyə çalışıram. Portuqaliyada müxtəlif klublarda oynamışam. Ancaq hazırda sırf “Kəpəz” üçün oynayıram və bu komandanın qarşısına qoyulan vəzifəyə çatmaq üçün əlimdən gələni edirəm.