"Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ
15.08.2023 - 12:26
"Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ

"Kəpəz"in qolkiperi Vasilyuçek Vladislavın apasport.az saytına müsahibəsi

- "Kəpəz" Premyer Liqanın ilk turunda "Neftçi" kimi iddialı kluba qalib gəldi. Bu matçdan sonra komandadakı vəziyyət necə idi? "Zirə" ilə görüşdən əvvəl yüksək inam var idi, yoxsa arxayınlıq başlamışdı?
- Adi vəziyyət idi, hansısa arxayınçılıqdan söhbət gedə bilməz. "Neftçi" ilə görüşdə qalib gəldikdən sonra da, bu oyuna yaxşı hazırlaşdıq, bütün futbolçular məşq etdi. Sadəcə "Zirə" ilə matçımıza hazırlaşırdıq. Təbii ki, qələbə hər bir komandaya özünəinam qazandırır.

- Premyer Liqanın II turunda "Zirə"yə məğlub oldunuz. Səncə, xalsız qalmağınızın səbəbi nə idi?
- Məğlubiyyətin əsas səbəbi o idi ki, "Zirə" qol vurdu, biz vura bilmədik. Amma biz də bu oyuna yaxşı nəticə üçün çıxmışdıq. Təəssüf ki, alınmadı, xalsız qaldıq.

- Qismət Alıyevin zərbəsinin qarşısını almaq, zərbəni dəf etmək mümkün deyildi?
- Xilas etmək çox çətin idi. Çünki "Zirə"nin futbolçusu zərbəni çox əla vurmuşdu. Həmin epizodda topun qarşısını almaq... Çətin ki, nəsə edə bilərdim. 

- Artıq iki turdur ki, Azərbaycan Premyer Liqasında oyuna çıxırsan. Ölkə çempionatı ilə bağlı fikirləriniz necədir?
- Özümü Azərbaycan çempionatında çox yaxşı hiss edirəm. Çünki həqiqətən də yaxşı liqadır, yaxşı çempionatda oynayıram. Bu da mənim üçün xoşdur. Mən də bura komandama xeyir vermək üçün gəlmişəm.    

- "Kəpəz"ə autsayder gözü ilə baxılır. Səncə, komandanız nə etmək iqtidarındadır?
- Kimlərin bizə necə baxmaqları mənə maraqlı deyil. Biz hər gün hazırlaşırıq, çalışırıq. Meydana da çıxıb, ən yaxşısını etməyə can atacağıq. Nəticəyə isə mövsümün sonunda baxacağıq. Necə alındığını yalnız oyunlar bitdikdən sonra görmək, baxmaq olar. İndidən nəsə demək çox tezdir. 

- Avrokuboklar "Kəpəz" üçün real ola bilər?
- Axı indidən nəsə demək çox tezdir. Premyer Liqada cəmi iki tur geridə qalıb. Amma çempionatda görün nə qədər oyun var. Marafondur, sprint deyil. Ona görə də, mövsümün sonunu gözləmək lazımdır.

- "Kəpəz" növbəti görüşünü "Turan Tovuz"a qarşı keçirəcək. Bu iki komandanın oyunu "Qərb derbisi" adlanır. Bundan xəbərdarsan? Həmin oyunda xal qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- Əlbəttə ki, qələbə qazanmaq üçün oynayacağıq və bunu etmək də mümkündür. Bu görüşdə qələbə üçün oynayacağıq. Yəqin ki, "Turan Tovuz" da bu oyuna qələbə üçün çıxacaq. Derbi məsələsinə gəlincə, bəli, mənə bu iki komandanın qarşılaşmasının "qərb derbi"si adlandırıldığını deyiblər. Hər halda, biz də prinsipial qarşılaşmalarda qalib gəlmək istəyirik.

writer photo
Əlirza Əlirzalı
0