Kiprin “Pafos” klubunun “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqesi transfer etmək arzusu baş tutmayıb.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, elita təmsilçisi braziliyalı hücumameyilli oyunçudan əlini üzüb.
Kadi yay fasiləsində Beer-Şeva “Hapoel”i (İsrail) ilə yanaşı, “Pafos”un da maraq dairəsinə düşməsinə baxmayaraq, kiprlilər “Qarabağ”ın onu satmayacağından əmindir. Hətta bir müddət əvvəl adıçəkilən klubların 26 yaşlı futbolçu üçün Ağdam təmsilçisinə 400 min avro təklif etdiyi və rədd cavabı aldığı bildirilirdi.
Kipr KİV-i “Qarabağ”ın müqavilə müddəti gələn ilin yayına qədər olan aparıcı oyunçusunu satmağa müsbət yanaşmadığını yazıb: “Qarabağ”ın onu buraxmaq ehtimalı azdır. Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə (5:1) cavab görüşünün qəhrəmanı olan Kadinin bu yay Kiprə gəlməsi real görünmür. 2023-cü ilin yayında klubu ilə sözləşməsi bitdikdən sonra bəlkə bu keçid baş tutar”.
Qeyd edək ki, ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Kadi Borqes “Lex”lə qarşılaşmada dubla imza atıb.