Krakov-2023: Keyşa və Edi pley-offda, cütlər yenə məğlub oldu - YENİLƏNİB
27.06.2023 - 19:30
Krakov-2023: Keyşa və Edi pley-offda, cütlər yenə məğlub oldu - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında badminton yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində II turun oyunları keçirilir.

Azərbaycan yığmasının təmsilçiləri də növbəti sınağına çıxıb. Kişilərin fərdi yarışında G qrupunda mübarizəyə qələbə ilə başlayan Edi Reski Dviçayo bolqarıstanlı Dimitar Yanakiyevlə görüşüb. İdmançımız ardıcıl ikinci dəfə qalibiyyət sevinci yaşayıb - 2:1 (17:21, 21:16, 21:9). O, bununla da pley-offa vəsiqəni təmin edib.

Qadınların fərdi yarışına D qrupunda başlayan Keyşa Fatimə Zəhra da eyni uğura imza atıb. Moldovalı Vlada Qinqa ilə üz-üzə gələn badmintonçumuz ikinci qələbəsini qazanıb - 2:0 (21:10, 21:17). Bununla da Keyşa qrup səddini adlayıb.

Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni cütü B qrupunda ikinci məğlubiyyətini alıb. Badmintonçularımız Covanni Qreko və David Salut (İtaliya) önündə aciz qalıb – 1:2 (17:21, 21:17, 17:21) .

D qrupunda uğursuz startla üzləşən Keyşa Fatimə Zəhra və Era Məftuha cütü bu dəfə Debora İlie və Şeril Seynen (Niderland) dueti ilə qarşılaşıb. Təmsilçilərimiz bu dəfə də uduzub – 0:2 (10:21, 12:21).

Qeyd edək ki, qrup mərhələsinin III turu sabah keçiriləcək. Keyşa almaniyalı İvonna Li, Edi ukraynalı Danilo Bosnyukla üz-üzə gələcək. Kişilərdən ibarət cüt Coşua Maqi və Pol Reynolds (İrlandiya), xanımlar Serena Au Yonq və Katarina Hoçmeyr (Avstriya) dueti ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0