Krakov-2023: Səbinə 1/8, Anna və Valeriya 1/16 finalda uduzdu - YENİLƏNİB
27.06.2023 - 18:51
Krakov-2023: Səbinə 1/8, Anna və Valeriya 1/16 finalda uduzdu - YENİLƏNİB

Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, qadınların sablyada fərdi yarışları keçirilir.

Azərbaycan yığmasının üzvləri də mükafatlar uğrunda mübarizəyə qoşulub.  Qrup mərhələsində medal ümidlərimizdən olan Anna Başta, həmçinin Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç qüvvəsini sınayıb.

Onlardan üçü qrup səddini adlayıb. Başta və Kərimova hərəyə 5, Valeriya 3 qələbə ilə buna nail olub. Qrup mərhələsində 1 qələbəsi olan Kaspiaroviç mübarizəni erkən dayandırıb.

Bolşakova pley-offda Almaniya sablyaçısı Julika Funkeyə 15:11 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib. O, bu raundda komanda yoldaşı Kərimovaya rəqib olub. 

Anna bu raundda qrup mərhələsində məğlub etdiyi polşalı Malgorzata Kozaçukla qarşılaşıb. Başta favorit sayıldığı görüşdə 11:15 hesabı ilə uduzub. Kərimova isə Bolşakova üzərindəki 15:12 hesablı qələbə ilə 1/8 finala adlayıb. 

Səbinənin növbəti rəqibi macarıstanlı Renata Katona olub. 15:12 hesabı ilə qalib gələn rəqib 1/4 finala yüksəlib. Sablya yığmamız isə günü medalsız bitirib.

Qeyd edək ki, sabah komanda yarışları başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0