“Qarabağ” Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində ən çox qol vuran ikinci komandadır.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ilk üç görüşdə ümumilikdə vurduğu 8 qolla buna nail olub.
Polşa “Lex”ini 5 dəfə məyus edən Ağdam təmsilçisi II təsnifat mərhələsinin “Sürix”lə birinci görüşündə də rəqib qapısından 3 top (3:2) keçirib. Hazırda “Qarabağ” yalnız “Reykyavik”dən geri qalır. Keçirdiyi 4 qarşılaşmada 12 qol vuran İslandiya klubu artıq ÇL-lə vidalaşıb.
“Qarabağ” qol vəziyyətləri yaratmaq baxımından da öncüllərdəndir. Geridə qalan üç matçda Qurban Qurbanovun yetirmələri 40 cəhdlə yadda qalıb ki, bu baxımdan üçüncüdür. “Ludoqorets” (Bolqarıstan) 52, “Malmö” (İsveç) isə 45 zərbə ilə ilk iki sırada qərarlaşıb. Çərçivəyə dəqiq zərbə sayında isə yalnız “Malmö” (24) təmsilçimizi qabaqlayır. Azərbaycan çempionu “Lex” və “Sürix”lə qarşılaşmalarda ümumilikdə 19 dəfə qapıçını işə qoşub.
Künc zərbələrinin sayında isə “Qarabağ” hamıdan öndədir. Qurbanovun kollektivi ümumilikdə 25 dəfə kornerdən topu oyuna daxil edib.
Diqqətçəkən məqamlardan biri “Qarabağ”ın ən çox qayda pozuntusuna yol verən komanda olmasıdır. Azərbaycan klubu ilə “Ludoqorets” 42 kobudluqla birinci pilləni bölüşdürür.
Qeyd edək ki, “Qarabağ” “Sürix”lə cavab oyununu iyulun 27-də İsveçrədə keçirəcək.