“Neftçi” çox yaxşı tarixi klubdur. Bu klub haqqında çox şey bilirəm və eşitmişəm".
Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Solomon Kvirkveliya deyib.
O," ağ-qaralar"ın rəsmi televiziya kanalına bildirib ki, bu komandanın futbolçusu olmaq şansım yarananda bir an belə düşünməyib: "Dedim ki, “mən hazıram”. Mənə zəng vurub, 2 illik müqavilə ilə bağlı, demək olar ki, razılığa gələndə mən dərhal evdə əşyalarımı toplayıb tibbi müayinə üçün Antalyaya uçdum. Çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum. Çünki bu, tarixi olan çox güclü klubdur, davamlı olaraq avrokuboklarda çıxış edir və Azərbaycan çempionluğu uğrunda mübarizə aparır. Buna görə də müqavilə bağlayıb-bağlamamaq haqda düşünməyə və ya tərəddüd etməyə bir səbəb yox idi".
Təcrübəli futbolçu artıq uyğunlaşma prosesini arxada qoyduğunu da vurğulayıb: "Harada oynayıramsa, həmişə maksimum hədəflərim olur. Yenə deyirəm, bu komanda yüksək səviyyədədir və çox yaxşı futbolçuları var. Bütün futbolçular çox yaxşı başa düşürlər ki, burada yalnız birinci yer uğrunda mübarizə aparmaq lazımdır. Uyğunlaşma prosesi mənim üçün çox asan oldu. Çoxdan tanıdığım kapitanımız Emin Mahmudov məni komandaya çox gözəl qəbul etdi. Rusiyada uzun illər qarşı-qarşıya oynadığım uşaqlar var. Belə bir hissiyatım var, sanki azı 2 ildir buradayam. Toplanış əla gedir. Bu belə də olmalıdır. Biz məşq edirik. Ən əsası odur ki, bütün futbolçular sağlamdır və yükləmələrdən sonra hamı özünü yaxşı hiss edir. Artıq iki yoldaşlıq oyunu keçirmişik. İlk matç mənim üçün çətin oldu. Bəlkə, çox da çətin olmadı, amma ikinci oyundakı kimi rahat deyildi. Gündən günə, oyundan oyuna forma yığırıq və özümüzü daha da yaxşı hiss edirik. Məşqçimiz şəxsən mənim üçün həm məşqçi, həm də bir insan kimi çox yaxşıdır. Mən bura gələndə o mənə çox dəstək oldu. Dedi ki, məşqdə nəsə alınmasa, məni həmişə dəstəkləyəcək. Mənim də onun dəstəyinə ehtiyacım var idi. Bunun üçün ona minnətdaram və hər gün daha yaxşı məşq edib özümü göstərməyə hazıram. Bilirəm ki, klubumuzun çox yaxşı azarkeşləri var. Müqavilə bağlamağım haqda söz-söhbət yarananda onlar mənə çox yazırdılar. Haradasa 1000-1500 mesaj yazıb soruşurdular ki, bu doğrudurmu? Amma o vaxt rəsmi müqavilə imzalamamışdım deyə, onlara cavab verə bilmirdim. Azarkeşlərdən hiss etdiklərimə, kluba keçidimdən məmnun olduqlarına görə onlara təşəkkür edirəm”.