“Sabah bizim üçün çox vacib oyun olacaq".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının III təsnifat mərhələsində Avstriya klubu “Rapid”lə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis sabah “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya hazır olduqlarını açıqlayıb: “Sabah yaxşı oyun nümayiş etdirməyə və növbəti mərhələ üçün bir addım atmağa çalışacağıq. Bilirik ki, çətin olacaq. Çünki rəqibimiz çox güclüdür. Amma mən komandama və stadiondakı atmosferə inanıram".
O, "Rapid"i çox çətin rəqib adlandırıb: "Rəqib yaxşı liqada mübarizə aparır. Bizim üçün asan oyun olmayacaq. Ancaq biz də qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, futbolçularım "Aris"lə cavab görüşündəki mübarizəni və inamı bu dəfə də göstərəcəklər. Hamımız çox motivasiyalıyıq. "Aris"lə cavab matçındakı səviyyəni qoruyub saxlamalıyıq. Eyni cür döyüşməliyik. Ümid edək ki, 90 dəqiqənin sonunda qələbə qazanaq".
Regekampf yenidən "Başakşehir"dən icarəyə götürülən Mert Çelik üçün vaxt istəyib: "Mert bizə dünən qatılıb. Buna çox sevinirəm. Çünki həmin mövqedə daha bir futbolçuya ehtiyacımız var idi. Bilirik ki, Mert səviyyəli futbolçudur. Müdafiənin mərkəzində, sağında, dayaq yarımmüdafiəçisi mövqeyində oynaya bilir. Gəncdir, komandamızda daha çox inkişaf edə bilər. Komandada onunla eyni mövqedə çıxış edən futbolçularla rəqabət aparıb öz yerini möhkəmlətsin. Mənə elə gəlir ki, ona bir qədər vaxt lazımdır. Çünki kollektivə yeni oyunçular və yeni baş məşqçi gəlib. Bundan sonra da bizim səviyyəmizi artıracaq güclü oyunçu gətirmək imkanımız olsa, bunu edəcəyik".
Rumıniyalı çalışdırıcı həmyerlilərindən heç bir oyunçunu hələ də "Neftçi"yə gətirməməsinə də aydınlıq gətirib: "Əgər büdcəmizə uyğun rumıniyalı futbolçu tapsaq, gətirə bilərik. Oyunçunu milliyətinə görə deyil, ehtiyacımız olan və büdcəmizə uyğunluğuna görə cəlb edirik".