Laurentsiu Regekampf: “Onu unutmaq asan deyil”
14.08.2022 - 22:52
Laurentsiu Regekampf: “Onu unutmaq asan deyil”

“Bizim üçün yaxşı oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının II turunda “Kəpəz” üzərində 5:2 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis matçın ardından mətbuat konfransında komandasından razılıq bildirib: “Bu oyun üçün bir az narahat idim. Çünki Avstriyadakı matçın ardından Bakıya qayıtmışdıq. Komandam orada 120 dəqiqə mübarizə apardı, üzərlərində böyük təzyiq var idi. Hamılıqla oradakı nəticədən üzgün idik. Ona görə də bu gün qələbə qazanmağımıza çox sevinirəm. Komadamı görmək istədiyim epizodları gördüm. Amma əminliklə deyə bilərəm ki, “Neftçi”nin bundan da artıq gücü var. Komandam daha aqressiv olsun və əldə etdiyimiz epizodları bacardığımız qədər qola çevirək”.

- İlk turda “Şamaxı” önünə əvəzedici heyətlə çıxmışdınız. Bu gün əsas heyəti meydana buraxmaqla “Rapid”ə məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirdiniz?
- Xeyr, mən bunu “Neftçi”yə və nəticələrə görə eləmişəm. “Şamaxı” ilə oyun ərəfəsində Konfrans Liqasında mərhələ adlamaq üçün şansımız var idi. Növbəti mərhələyə adlasaydıq, bu gün də ilk turda atdığım addımı atacaqdım. Konfrans Liqasında mübarizəni dayandırdığımız üçün əvəzedici heyətlə meydana çıxmaq üçün heç bir səbəb yox idi.

- Deyəsən “Rapid”lə oyunu hələ də unuda bilməmisiniz...
- Onu unutmaq asan deyil. Çünki həmin turnirdə irəliləmək üçün böyük şansımız var idi. Bundan ötrü gərgin işləyirdik. Bunu unutmamalı, nəticə çıxarmalıyıq ki, daha güclü olaq. Sadəcə, komandamı total, aqressiv, hücumameyilli futbol oyayan kimi görüm. Çünki bizdə həmin şəkildə oynamağı bacaran keyfiyyət var.

- Dediniz ki, bəzi epizodlarda istədiyim komandanı gördüm. Ola bilərmi ki, “Kəpəz”in səviyyəsi sizə bu imkanı verdi?
- Mən belə düşünmürəm. Bəzi epizodlardan məmnun qaldım. Çünki futbolçular oyunu ciddi qəbul eləmişdilər. Yüz faiz kökləndikləri epizodlarda mükəmməl kombinasiyalar yaradırdılar. Aqressiv idilər, daha çox qol vura bilərdilər. Bunu bir neçə epizodda deyil, 90 dəqiqə ərzində görmək istəyirəm. Bütün oyunboyu belə olmaya bilərsən. Çünki rəqib güclü ola bilər. Biz daha da inkişaf etmək istəyirik.

- Rəhman Hacıyevi sonradan meydana buraxsanız da, ardından əvəzlədiniz. Bu dəyişiklik futbolçu ilə aranızda hansısa konfliktdən xəbər vermir?
- Xeyr. Rəhman oyunundan narazı olmalıdır. Çünki onun günü deyildi. Amma mənim üçün Rəhman keyfiyyətli futbolçudur. Sürətindən, texniki bacarığından yararlanmalıdır ki, komandaya xeyri dəysin. Emin Mahmudov və Rəhman Hacıyevi daha çox meydanda saxlamağa qərar verdim. Çünki Yeqor Boqomolski hələ tam hazır deyil. Ona hücumçu kimi oynamasını deməmişdim. Amma texniki bacarıqları olduğu üçün irəlidə çıxış etdi. Onunla heç bir konfliktim yoxdur. Sevinirəm ki, oyunundan narazı qaldı. Əminəm ki, gələn matçda daha yaxşı olacaq.

- Yeni transfer Vato Arveladzenin çıxışı barədə nə deyə bilərsiniz?
- Vato yaxşı oyunçudur, bizə çox köməyi dəyəcək. Cəim bir həftədir bizimlədir. Hələ tam hazır deyil ki, istədiyimiz oyunu göstərə bilsin. Ehtiyatlı davranmalıyıq ki, oyunçular zədələnməsin. Adaptasiya üçün ona daha çox vaxt lazımdır.

writer photo
Əlirza Əlirzalı
0