“Üç gündür “Qarabağ”la oyunda iştirak edəcəyimi bilirdim, buna hazırlaşırdım”.
Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” klubunun müdafiəçisi Libor Holik Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
24 yaşlı sağ cinah müdafiəçisi start heyətində çıxış etdiyi üçün qarşılaşmaya çox ciddi hazırlaşdığını söyləyib: “Qarabağ”la matçı səbirsizliklə gözləyirdim. Çünki bunlar meydanda olmaq istədiyiniz oyunlardır. Bu, karyeramın ən vacib matçı idi”.
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk oyunda 0:0 hesabı qeydə alınıb. “Viktoriya” mübarizəni Çempionlar Liqasının, “Qarabağ” isə Avropa Liqasının qrupunda davam etdirəcək.