Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ
26.09.2022 - 00:44
Mahir Emreli: “Böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm” - MÜSAHİBƏ

Millətlər Liqasının qrup mərhələsinin son turunda Qazaxıstanla keçirilən oyundan sonra Azərbaycan yığmasının hücumçusu Mahir Emreli jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, Zaqreb “Dinamo”sunun forvardı 3:0 hesablı qələbəni və millinin turnirdəki ümumi çıxışını dəyərləndirib. Emreli eyni zamanda “Dinamo”dakı hazırkı durumuna da münasibət bildirib.

- Son 3 turda ardıcıl qələbə qazandınız. Qrup birincisi olmaq üçün bir az gec olmadı?
- Düşünmürəm ki, Qazaxıstana məğlub olduğumuz ilk oyunda birinciliyi əldən verdik. Rəqibdən nəsə gözləməyi sevmirəm və fikirləşmirəm ki, kaş Qazaxıstan uduzardı. Belarusu Serbiyada məğlub eləməli idik. Üzücü məqamlardan biri odur. Ümumiyyətlə, Millətlər Liqasının bu mövsümündə yaxşı oyun göstərə bildik. Uduzduğumuz matçlarda belə, qol epizodları yarada bilirdik. Əlbəttə ki, son üç oyunda qələbə qazanmağımız ürəkaçan oldu. Belə davam edib işimizi daha da yaxşılaşdırmalıyıq.

- Nəzəri də olsa pley-offa vəsiqə şansı qalır. Qrup birincilərindən kimsə seçmə mərhələdən birbaşa vəsiqə qazansa, əlinizə tarixi fürsət düşə bilər. Belə imkan ələ düşsə, qaçırmarsınız?
- Əlbəttə ki, istəyərdik. O vaxt “Qarabağ”da çıxış edəndə də deyirdim ki, klubla uğur qazanmışıq, amma hər bir futbolçu milli səviyyəsində də böyük nailiyyətlərə imza atsın. Bu da bizim arzularımızdan biridir. Belə bir şans əlimizə düşsə, əminəm ki, komanda bundan maksimum yararlanacaq. Belə olsa, xalqımızı sevindirmək və adımızı tarixə yazdırmaq üçün daha artığını edəcəyik.

- Azarkeşlər stadiona gələndən sona qədər sizi dəstəklədi. Bunun gətirdiyi motivasiya Zaqrebdə yaşıl meydanlara dönmək üçün əlavə güc verəcəkmi?
- “Dinamo”da az oynamağıma baxmayaraq, Zaqrebdə də istər azarkeşlərin, istərsə də futbol camiəsinin mənə qarşı münasibəti yaxşıdır. Sadəcə, bəzi uğursuzluqlar oldu, tez-tez zədə aldım. Son zədəm isə ağır keçdi. Orada da meydana çıxdığım hər matçda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Buradakı durumu da anlayışla qarşılayıram. Top mənə gələndə komandam üçün fərqli bir şey eləməyimi, yeni güc qatmağımı gözləyirlər. Bunun fərqindəyəm. Həm Belarusla görüşdə, həm də Qazaxıstanla bugünkü matçda bunu hiss etdim. Komandama faydalı olmağa çalışdım. Qol vurub-vurmamağım başqa məqamlardır. Önəmli olan bu gün qələbə qazanmaq idi.

- Çempionlar Liqasındakı yeganə təmsilçimizsiniz. Bu turnirdə meydana çıxmağı səbirsizliklə gözləyirsiniz?
- Bilirəm ki, bunu gözləyirsiniz. Meydana çıxıb, o cür böyük klublara qarşı oynamağı mən sizdən də çox gözləyirəm. Ümid edirəm ki, baş məşqçimiz nə vaxtsa bu şansı mənə verər. Əlbəttə ki, onun qərarlarını müzakirə etmirik. Futbolçu bəzən robot kimi olmalıdır. Bu bir işdir və buradan qazandığımızla ailəmizə baxırıq. Bir tərəfdən robot kimi olmalıyıq. Şans veriləndə oynayırsan, verilməyəndə yox. Amma bu o demək deyil ki, oynamayanda həvəsdən düşməlisən. Sadəcə, gözləməli və ən uyğun anda şansını qaçırmamalısan.
 

writer photo
Əlirza Əlirzalı
0