Son zamanlar ardıcıl dəyişikliklərlə azarkeşlərini ümidləndirməyə çalışan “Neftçi” dünən yeni bir xoşagəlməz xəbərlə gündəmə gəlib. Xəbər verdiyimiz kimi, rəhbərliyi verdiyi yeni qərara əsasən, növbəti həftədən klubun işçiləri yeməklə təmin olunmayacaq.
Məsələ ilə bağlı “ağ-qaralar”ın sabiq futbolçusu Mahir Şükürov "apasport"a açıqlama verib. O, bildirib ki, “Neftçi”nin vaxtilə uğurlu olmasının səbəblərindən biri rəhbərliyin hər kəsə eyni münasibəti göstərməsi idi.
- O vaxt bizim rəhbərliklə heç bir problemimiz yox idi. Hər kəs üçün nə lazım idisə, komanda vaxtında təmin edirdi. Yeməklə bağlı da heç vaxt sıxıntımız olmayıb. Tək futbolçular üçün yox, istənilən personal üçün bu belə idi. Son dövrlərdə komandanı futbolla əlaqəsi olmayan insanlar idarə edir, bütün problemlər də burdan qaynaqlanır.
Mahir Şükürov “Neftçi”dəki köklü dəyişikliklərin effekt verəcəyinə inanmır, atılan addımları bəyənmir.
- Nə yeni transfer edilən legionerlərin, nə də yeni personalların səviyyəsi “Neftçi”yə uyğundur. Komandaya əcnəbi idman direktoru da gətiriblər. Andersson belə uğurlu idisə, elə öz ölkəsində ona ehtiyac olardı. Qalardı İsveç futbolunu ağ günə çıxarardı. İslahat deyirlər, amma ortada bununla bağlı hər hansı nəticə yoxdur. Gələn legioner futbolçuların da komandanı çempion edə biləcəyinə ümidim azdır.
Keçmiş futbolçu klubun yeni loqosu ilə bağlı da fikir bildirmək istədi. O, düşünür ki yeni loqo klubun dəyərlərinə birbaşa zərbədir. Onu əsəbiləşdirən əsas nüans da məhz budur.
- “Neftçi” Azərbaycan futbolunun ən qocaman klubudur. “Neftçi”nin böyük tarixi var və komanda yeniliyi meydanda göstərsə, daha yaxşı olar. Məsələ burasındadır ki, kluba azarkeşlik edən yaşlı nəslin nümayəndələri köhnə loqonu daha çox bəyənirdilər, çünki bu loqo “Neftçi”nin dəyərlərini ən yaxşı şəkildə ifadə edirdi. İndi isə loqonu elə hala salıblar ki, heç bilmirsən, kimə məxsusdur. Yeni rəhbərlik ən azından növbəti bir ildə də komandanı dirçəldə bilməyəcək. Atılan bütün addımlar və “Neftçi”ni ideyalarından uzaqlaşdırmaq daha bir fiasko ilə nəticələnəcək.
“Ağ-qaralar”la Azərbaycan çempionluğu yaşamış, avrokuboklarda qrup mərhələsində çıxış etmiş sabiq futbolçunun komandanın real vəziyyətini bu cür dəyələndirməsi ortada böyük problemin olmasından xəbər verir. Yeniliklərlə çoxlarını ümidləndirən “Neftçi” bu şəkildə davam edərsə, hələ çox kuryoz xəbərlərin baş rolu olacaq. Elə Mahir Şükürov kimi biz də ümid edirik ki, komandanın idarə heyətində həqiqətən can yandıran idarəçilər görəcəyik.
ADİL NƏHMƏTLİ