"İsveçlə oyunda məğlub olduq. Buna baxmayaraq, millimizdə istək, əzmkarlıq və kifayət qədər qol epizodu var idi".
Bunu "apasport"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, futbol mütəxəssisi Mahmud Qurbanov deyib.
Qurbanov millimizin UEFA Millətlər Liqasının II turunda İsveç və Slovakiyaya qarşı oyunlarını belə dəyərləndirib:
"Qol epizodlarından ən azı ikisini vurmaq lazım idi. Lap birinci hissədəki penaltini qola çevirə bilsə idik, oyunun hansı nəticə ilə bitəcəyini heç kim deyə bilməzdi. Uda da bilərdik, uduza da.. Məsələn, Bakıda İsveçlə oynayanda 3:0 qələbə qazanmışdıq. Orda tez bir zamanda qol vurduq. İsveç gedişatı dəyişə bilmədi və böyükhesablı qələbə qazandıq. Bu oyun da ona bənzəyirdi. Amma təəssüf ki, qələbə qazanmaq alınmadı. Rəqib daha diqqətli oynayırdı. Baxmayaraq ki, qapıları qarşısında ciddi qol epizodları yaratmışdıq. Slovakiya ilə çox zəif, həvəssiz, sönük bir oyun oynadıq. Heyətdə dəyişiklik də oldu. Düşünürəm ki, məşqçi futbolçuları tanımadığına görə, dəyişiklik etmişdi. Bu da uğurlu alınmadı. Nəticədə məğlub olduq".
Keçmiş milli üzvü Estoniya ilə bugünkü matçda milli komandamızdan qələbə gözlədiyini vurğulayıb:
"Həm Tallində, həm də Bakıda keçiriləcək oyunda millimizdən qələbə gözləyirəm. Məncə, Estoniyanı Tallində məğlub etmək potensialımız var. Bakıda da qələbə qazana bilərik. Heç-heçə də yaxşı nəticə olmalıdır. Hər halda, oyundan əvvəl həmişə danışırıq. Millidə kimin oynamasından, kimin işləməsindən asılı olmayaraq, yığma bizim bir nömrəli komandamızdır və onu dəstəkləməliyik. Oyundan sonra daha rahat danışmaq olar. Çünki mən özüm də millidə oynadığım zamanlar mətbuatda çıxan xəbərlər mənə maraqlı idi. Qəzet alıb oxuyurduq ki, futbol mütəxəssislərinin yığmaya inamı var, ya yox? Mən bunu izləyirdim. Düşünürəm ki, bu da futbolçuya təsir edir. Bu səbəblə futbolçuları oyundan öncə maksimum dəstəkləmək lazımdır".