Misli Premyer Liqasında tezliklə növbəti baş məşqçi istefası reallaşa bilər.
Apasport.az saytının məlumatına görə, “Səbail” klubu çalışdırıcısı Mahmud Qurbanovun fəaliyyətindən ciddi narazıdır.
Buna səbəb komandanın uğursuz çıxışını davam etdirməsidir. Yay fasiləsində ciddi transferlər edərək yüksək yerləri hədəfləyən qəsəbə təmsilçisi gözlənilən performansı sərgiləyə bilmir. Geridə qalan 11 turda 10 xal toplayan komandanın baş məşqçisinin sükanı artıq laxlayıb.
Daha əvvəlki xəbərdarlıqdan sonra bir neçə futbolçunu əsas komandadan kənarlaşdıran Mahmud Qurbanov qismən də olsa, vəziyyətdən çıxa bilmişdi. Ancaq ardıcıl olaraq “Turan Tovuz” və “Şamaxı” ilə heç-heçə rəhbərliyi yenidən qəzəbləndirib.
Artıq XII turda “Kəpəz”lə qarşılaşmada xal itkisi 49 yaşlı çalışdırıcının istefasına səbəb ola bilər.
Qeyd edək ki, “Səbail” 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.