"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Molde" ilə matçdan sonra jurnalistlərə müsahibə verib. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə kapitan Norveç çempionu ilə oyun barədə sualları cavablandırıb.
- Avropa Liqasına qələbə ilə başladınız. 1:0 hesabı ilə qalib gəldiyiniz oyunu necə dəyərləndirirsiniz?
- Ağır oyun keçdi. Rəqibi çox analiz etmişdik. Bilirdik ki, “Molde”nin sürətli, güclü oyunçuları var. Necə oynamalı olduğumuzu matçdan öncə baş məşqçi bizə izah etmişdi. Düzdür, qol imkanlarımız çox oldu. İstəyərdik ki, hamısından istifadə edək. Ancaq bəzən alınmır. İki-üçündən istifadə edə bilmədik ki, oyun rahatlaşsın. Lakin ikinci yarıda qolumuzu vuraraq, oyunu tam kontrol altında saxlamağa çalışdıq. İnanıram ki, bunu bacardıq. Hər kəs xoşbəxtdir. Dayanmaq olmaz. Xallar toplamaq lazımdır.
- Hücumda yaradılan qol şanslarından istifadə edə bilməməyiniz nə ilə bağlıdır?
- Müdafiədə də mükəmməl deyildik, boşluqlar var idi. Biz Avropa Liqasının qrup mərhələsində oynayırıq. İstər-istəməz hər yerdə boşluqlar olacaq. Əsas odur ki, komanda nəticəyə oynaya bildi. Oyunumuzu analiz edəcəyik. Harada problemimiz varsa, onları baş məşqçi bizə göstərəcək. Bir oyunla bitmir, analiz edəcəyik ki, gələn oyunlara da hazırlaşaq.
- “Molde” “Qalatasaray”a qarşı Çempionlar Liqasının pley-off mərhələsində çox yaxşı futbol oynamışdı. Amma “Qarabağ”a qarşı 85 dəqiqə meydanda yox idilər. Qapıya bir zərbələri də olmadı...
- “Qalatasaray”la oyunları barədə danışmağım peşəkarlıq olmaz. Biz iki oyununun ikisinə də baxmışdıq. Bəlkə də mən “Qalatasaray”la “Molde” matçlarına beş dəfə baxmışam. Baş məşqçi bizə bəzi fərqli tapşırıqlar verdi, biz də onlardan istifadə edərək qapımızı toxunulmaz saxladıq. Demək olmaz ki, ancaq müdafiəçilərimiz yaxşı oynadı. Ön xətt futbolçularımız da müdafiə futbolunu yaxşı oynadılar. Hər şey onlardan başlayırdı. Onlar o qədər işlədi ki, işimiz asanlaşdı.
- “Haken”lə görüşü də qalib başa vuraraq, üçüncü turda “Bayer”in qarşısına psixoloji cəhətdən daha rahat çıxa bilərsiniz. Önümüzdəki oyunlarda şansları necə dəyərləndirirsiniz?
- Ən çətin iş “Molde” və “Haken”ə qarşı oynamaqdır. Çünki həmin matçlarda bizdən hamı qələbə gözləyir. “Bayer” bilirsiz ki, daha “səs-küylü” komandadır. “Bayer”ə qarşı daha rahat oynayacağıq. Psixoloji cəhətdən daha da yaxşı olacağıq.