Maksim Medvedev: “Karyeramı “Qarabağ”da başa vurmağım daha yaxşı olar”
01.04.2024 - 15:19
Maksim Medvedev: “Karyeramı “Qarabağ”da başa vurmağım daha yaxşı olar”

“Başqa kluba keçməkdənsə, karyeramı “Qarabağ”da başa vurmağım daha yaxşı olar”.

Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev “metaratings.ru” saytına müsahibəsində deyib.

34 yaşlı müdafiəçi "Qarabağ"dan başqa kluba keçməklə bağlı düşünmədiyini bildirib: "Hər il nəticə daha da yaxşılaşır və yeni perspektivlər açılır. Bəli, başqa komandalardan da təkliflər var idi. Hətta məşqçiyə yaxınlaşıb bu haqda danışdım, amma fikrimi soruşduqda burada qalmaq istədiyimi deyirdim. Klub rəhbərliyi mənə hər zaman mehribanlıqla, anlayışla yanaşıb, məşqçi ona nə qədər sevgim olduğunu bilir. Gəlib daha çox pul qazanmaq istədiyimi deyə bilmədim. Mən həmişə başqa məqsədlərin arxasınca getmişəm və pulu seçib komandamı tərk etməyi heç vaxt ağlıma belə gətirməmişəm. Düşünürəm ki, artıq çox şeyə nail olmuşam və başqa kluba keçməkdənsə, karyeramı “Qarabağ”da başa vurmağım daha yaxşı olar". 

“Qarabağ”ın kapitanı "Səudiyyə Ərəbistanından təklif gəlsəydi, qəbul etməzdiniz?" sualını belə cavablandırıb: "Oğlum da mənə tez-tez bu sualı verir. Amma mən ona deyirəm ki, sən dünyada bütün pulları qazana bilməzsən. Mən çox qazanmaq üçün ailəmdən uzaq qalmaq istəmirəm. Mən həmişə arzulayıram ki, həyat yoldaşım və uşaqlarıma yaxın olum. Ona görə də, oğluma deyirəm ki, burada işləməyə üstünlük verirəm". 

Təcrübəli futbolçu peşəkar karyerasını bitirdikdən sonra "Qarabağ"da qalmaq istədiyini vurğulayıb: "Mən futbolda qalmaq və biliklərimi yeni nəsillərə ötürmək istərdim. Bu gün gənc futbolçularla ünsiyyət qurur, onlara məsləhətlər verirəm. Komandada qalmaq istəyərəm, amma nəyisə seçməliyəm. Çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim bir çox sahə var. Çoxları deyir ki, mən idman direktoru, məşqçi ola bilərəm və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansı işin daha yaxşı olduğunu dəqiq bilmirəm. Mən minimumdan maksimum yararlanan məşqçi ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Bəlkə də məşqçilik kateqoriyam yoxdur, amma bilik baxımından özümü ilkin kateqoriyalara yaxın hiss edirəm".

writer photo
Əlirza Əlirzalı
0