“Bizi qarşıda 4 oyun gözləyir. Bu səbəbdən gücümüzü bölməyə çalışacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının qrup mərhələsində Azərbaycana qarşı keçiriləcək ilk oyun barədə danışarkən deyib.
Millimiz sabah Nur-Sultandakı “Astana Arena”da qazaxıstanlıların qonağı olacaq.
Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında rusiyalı mütəxəssis heyətə əlavə oyunçu çağırmayacaqlarını söyləyib: “İlk oyunumuz Azərbaycana qarşı olacaq. Əlavə heç kimi dəvət etmək fikrim yoxdur. Əlimdə olan futbolçulardan yararlanacağam. Qarşıdakı dörd matçın hamısını sərəncamımızda olan 24 oyunçu ilə keçirəcəyik. Onları ehtiyat və əsas oyunçulara bölmək haqqım yoxdur. 10 gün ərzində keçirəcəyimiz 4 görüşdə qüvvəmizi düzgün bölüşdürməliyik. Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Amma biz də onlardan az layiqli rəqib deyilik. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Təbii ki, rəqibin necə oyun göstərməsi, hansı oyunu tətbiq etməsi də çox önəmlidir”.
45 yaşlı çalışdırıcı sabah açıq futbol oynamayacaqlarını vurğulayıb: “Sabah hücum və ya müdafiə futbolu yox, balanslı oyun barədə düşünəcəyik. Hücum futbolu oynayıb 0:5 uduza da bilərsən. Amma balanslaşdırılmış oyunla qalib gəlməyin mümkündür. “Liverpul” - “Real” matçı buna bariz nümunədir. Bizi azarkeşlərimiz önündə qələbə qazanmaq istədiyimiz çətin oyun gözləyir. ”.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.