Qurban Qurbanov: "Braqa" barədə çox düşünməmişəm"
18.12.2023 - 22:43
Qurban Qurbanov: "Braqa" barədə çox düşünməmişəm"

Misli Premyer Liqasının XVII turunun "Qarabağ" - "Neftçi" (2:0) matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib. 

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınçılıq olur. Bir az da yorğunçuluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda da çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. "Neftçi"yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadı. "Neftçi" kollektivi məşqçinin tapşırığını yerinə yetrdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım ondan lazımı vaxtda istifadə edə bildi. Futbolçulardan razı qaldım".

-"Braqa" ilə qarşılaşacaqsız. Nə deyəcəksiz?

-Çox maraqlanmadım. Bu gün fikrim "Neftçi" ilə oyundaydı. Çox az məlumat topladım. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ vaxtımız var. Qarşıda 1-2 ayımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.

-Həftəiçi tarixi qələbədən sonra "Neftçi" istisna olmaqla bütün komandalar "Qarabağ"ı sosial şəbəkələrdə təbrik etdi. Bu, sizin üçün xüsusi motivasiya oldu?

-Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Hamı bu gün təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikdən nümayəndələr. Böyüdüləsi bir şey görmürəm.

-Növbəti oyunun nəticəsindən asılı olmayaraq fasiləyə qış çempionu kimi gedirsiz. Cəmiyyətdə belə fikir formalaşıb ki, "Qarabağ" və digərləri.. Bu haqda fikriniz necədir?

-Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki hamımız Azərbyacan futbolundakı birlik üçün bu oyunu oynayırıq. Sadəcə bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində, ikinci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq. 

-"Braqa" ilə ilk görüşü səfərdə oynayacaqsız. Penaltilərə getsə, bunu evdə edəcəksiz. Bu, üstünlükdür?

-Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi tam yaxından tanımırıq. Sadəcə bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar hər zaman böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, böyük rəqiblərə qarşı bu o qədər də təsir etmir. "Bayer"lə ilk oyunda nə cür nəticə oldu, amma ikinci oyuna nə cür hazırlaşdıq... Konkret fikir bildirə bilməyəcəm. Çalışacağıq ki, ən düzünü edək.

-Oyunun gedişində iki dəyişiklik etdiz. Juninyo və Keyta vurulan qollarda effektiv idi. Öncədən planlaşdırırdız bunu? 

-Dəyişiklik oyunun gedişatına görə oldu. Bəzi oyunçularda da yorğunluq var idi. Keyta çox vaxt sonradan oyuna çıxıb, qol vurur, qol pası verir. 

-Kevin Medina "Braqa" ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiz?

-Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra bəlkə dörd ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma bizə uyğun, mentaliteti, oyunu uyğun olarsa, yox demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə oyunçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, edəcəyik. Olmasa, belə davam edəcəyik.

-Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdır...Təəssüratlarınız?

-Çox xoş. Səbirsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.

-Ondan üç gün sonra "Zirə" ilə qarşılaşacaqsız. Oyuna hazırlaşmaq üçün iki gün vaxtınız olacaq...

-Çətinlik barədə düşünmürəm. Gərginlik, yorğunluq ola bilər. Amma çətinlik haqda düşünmürəm. İlin sonudur. Dünən futbolçuların oynadıqları oyunlarına sayına baxırıq, 30-31 matçdır. Hələ millidə oynayanlar, əlavə 4-5 matça çıxıblar. Bu, ümumi fiziki yorğunluq, həm də psixoloji yorğunluq, gərginlik yaradır. Bu gün də şahidi olduq. Sanki hazırda bir az gücümüz azalıb. Bizdən gözləntilər çoxdur. Məsuliyyətlidirlər. Amma gediş-gəliş, yol, süni örtük...Bu, futbolçuların hazırlığına problem yarada bilər. Amma ilk deyil. Tovuza gedib, sonra gəlib oyun oynamışıq. Avropada oynayıb, bütün gecəni yolda olub, gəlib oynamışıq. Peşəkar klubuq. Bu məsələlərə çətinlik kimi baxsaq, uduzarıq. Əksinə, çalışırıq ki, futbolçular yaxşı motivasiya ilə kubok və çempionat oyunlarında özlərini hazır hiss etsinlər.

-Qəribə və xoş təsadüfdür ki, "Qarabağ" ordu təmsilçisi ilə oynayacaq....

-Oyundan sonra fikir bildirsəm, daha yaxşı olar. Çox da oyun barədə danışmaq istəmirəm. Məncə, belə də olmalıdır. Bizim ordumuza nə qədər təşəkkür etsəm, azdır. Şəhidlərimizə nə qədər rəhmət desək, yenə azdır. Qazilərimizə nə qədər dua etsək, azdır. Onlar bizdən çox yuxarıdadırlar. Heç kimin düşünmədiyi, ağlına gətirmədiyi bir qalibiyyət əldə olunub. Başda ölkə başçısı olmaqla, inamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq. Bəzi oyunlar olur ki, qələbəni dişinlə, dırnağınla çıxarırsan. Bunun ləzzəti başqa olur. Camaatımızın birlikdə olması, tarixdir, əvəzolunmazdır. Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər, nələrdən keçirdilər. Çox şey görməmişik. Əsgərlərimiz, ordumuz həmişə bizdənn yuxarıdadırlar. Allah ordumuzu, xalqımızı qorusun.

-Hazırlıqla bağlı planlarınız hazırdı?

-Hazırdır. Vaxt olaraq, heç nə edə bilmirik. Yanvarın 5-dən Bakıda olacağıq. Vaxt itirmək istəmədik. Qarşıda sıx qrafik başlayacaq. İstədim ki, Bakıda olaq. Vacib olan futbolçuların sağlam olmasıdır. İstəyərdim ki, futbolçularım evinə sağlam gedib, sağlam gəlsinlər. Gələn il mütləq daha yaxşı olmalıyıq. Rəqiblər bizə çox ciddi yanaşır.

-Yutub platformasında "Qarabağ" - "Neftçi" matçını 15 min adam izləyirdi.. Onları necə stadiona cəlb edək?

-Hər oyunda belədir. Gələcəklər. Edəcək bir şey yoxdur. Hər sahədə insanın özü sevib gəlirsə, özü komandaya azarkeşlik edib gəlirsə, keyfiyyətli olur. Yutubdan baxanlar da, bizim azarkeşlərdir. Yaxın adamlarım var deyir ki, efirdən baxanda daha yaxşı olur. Çünki epizodlara təkrar-təkrar baxmaq istəyirlər. İnsanları məcbur edə bilmərik. Bizim azarkeşlərimiz çoxdur. Onların hər birinə təşəkkür edirəm. Şəhərdə, rayonda, kənddə olanda nə qədər insan gəlir. Futbolçularıma, kluba təşəkkür edirlər ki, belə uğurlar qazanırıq.

-Antalya toplanışının ən vacib məqamı yoxlama matçları idi. Bəs, Bakıda hansı komandalarla oynayacaqsız?

-Çox oyun oynamağa vaxtımız da yoxdur. Çünki planımız futbolçuları bərpa etməkdir. Bir tam ciddi rəqib olmalıdır, bir də öz aramızda iki tərəfli oyun planlaşdırırıq. Çünki 23-də oyunumuz olacaq. "Zirə" ilə qarşılaşmaq mümkündür. Ən real variantlardan biri odur. 

 

-Aleksey İsayevin "Qarabağ"a keçə biləcəyi xəbərləri yayılıb...

-Maraq ola bilər. Yerlilərdən çox futbolçuya marağımız var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya ehtiyac duyur. Amma o, bizə təklif edilsə, yox demərəm. Lakin bizim ona nə ciddi təklifimiz var, nə də marağımız.

writer photo
Əlirza Əlirzalı
0