Rusiyanın "Çayka" klubunda məşqçi kimi işləyən Azərbaycan millisinin sabiq futbolçusu Maqomed Kurbanovun apasport.az saytına müsahibəsi
- Kadi Borqes “Qarabağ”dan “Krasnodar”a transfer olanda pozitiv düşünmürdüz və mənasız transfer olduğunu bildirmişdiz. Yenə eyni fikirdəsiz?
- “Krasnodar”ın Kadi üçün 5 milyona yaxın transfer məbləği ödəməsinə təəccüblənmişdim. Düşünürdüm ki, bu, sadəcə agentlərin gördüyü işlərdir. İndi “Krasnodar”da yaxşı çıxış edir deyəndə ki, o, cəmi 3 qol vurub. Məncə, bu, Kadinin “Krasnodar”da edəcəyi maksimumdur. Bundan o tərəfini gözləmək...
- Kadinin uğurlu çıxışından sonra Rusiya Premyer Liqasının klubları Azərbaycan çempionatına marağını artıra bilər?
- Doğrudur, bunun da hardasa təsiri ola bilər. Amma dediyim kimi, məncə bu, agentlərin gördüyü işdir. Çox istəyərdim ki, legionerlər deyil, azərbaycanlı futbolçular ciddi klublarda oynasınlar, onların marağını çəksinlər. Ümid edək ki, gələcəkdə belə də olacaq.
- Rusiyada oynayan oyunçulardan Ayaz Quliyev hazırda Azərbaycan millisinə namizəddir. O, milliyə kömək edəcək durumdadır?
- Bu məsələdə təxminlər yürütməyə, ehtimal etməyə ehtiyac yoxdur. Sadəcə, Ayazı milliyə dəvət edib, hansı durumda olduğuna, necə oynadığına baxmaq lazımdır. Onu canlı gördükdən sonra haqqında qərar vermək olar. Bu qədər sadədir. İstənilən halda, Azərbaycan millisinə gənc oyunçular dəvət edilməlidir.
- İllər əvvəl müzakirə edilirdi ki, Emin Mahmudov və Ramil Şeydayev milliyə cəlb olunarsa, uğurlu nəticələr mümkündür. Onları yığmaya dəvət etdilər, amma nəticələr dəyişmədi, yenə də uduzuruq. Demək olar ki, problemimiz 1-2 futbolçu ilə bitmir?
- Düzdür. Bir-iki futbolçu gətirməklə hər şey həll olmur. Öz oyunçularınızı yetişdirməli, akademiyaların inkişafına sərmayələr qoymaq lazımdır. Çıxış yolu bundadır. Azərbaycanda istedadlı oyunçular çoxdur. Akademiyalara sərmayələr qoyularsa, hər şey daha da yaxşı ola bilər.
- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda ilk iki oyununda öncə Avstriyaya 1:4, ikinci görüşdə İsveçə 0:5 uduzdu. Millimiz bərbad oyunla yadda qaldı. Bu haqda fikrin necədir?
- Bu suala hər zamanki kimi cavab verəcəm. Qəribədir ki, Robert Prosineçkinin zamanında hər kəs narazı idi. Çoxları vəziyyətdən razı deyildi. Amma indi görünür ki, sən demə, ən yaxşı nəticələr onda imiş. İndiki vəziyyəti də görürsüz.
- Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda yer alan Azərbaycan millisinin şansları barədə hansı fikirdəsən? Səncə, qrupdan çıxmaq mümkün olacaq?
- Nəsə demək çətindir. Çünki qrupdakı komandalar güclüdür. İlk iki oyunda da məğlub olublar. Necə olacağını zaman göstərəcək. Ümid edək ki, hər şey yaxşı olacaq. Azərbaycan millisinin qrupdan çıxmaq şansının olmadığını demişdim. Bütün komandalar stabildir. Xal toplamaq çox çətin olacaq. Məncə, milli seçmə mərhələdə maksimum üç xal qazanacaq.