Dünən “Zirə” Moldova “Şerif”inə deyərdim ki, faciəvi şəkildə məğlub oldu. Faciəvi ona görə yox ki, təmsilçimiz pis oyun göstərdi. Ona görə ki, ümumi hesabdakı vacib üstünlüyü sona qədər qoruyub saxlaya bilmədi, çəkilən əziyyət nəticəsiz qaldı.
Stadionun ot örtüyünün yararsızlığından tutmuş Salifu Sumanın heç bir məna verə bilmədiyimiz hərəkətinə qədər bir çox mənfi nüans diqqətimizi çəkdi. İstənilən halda, “Zirə” 80 dəqiqə ərzində 10 nəfərlə sözün həqiqi mənasında döyüşdü.
Əksər azarkeşlərin və mütəxəssislərin dediyi kimi, son dövrlərin ən zəif “Şerif”ini keçmək lazım idi. Tərifləri bir kənara qoysaq, deməliyik ki, müasir futbolda qorxaq oyuna yer yoxdur. “Zirə” azlıqda qaldıqdan sonra yalnız futbolçuların fərdi səyləri nəticəsində oyunu penaltilər seriyasına apara bildi. Rəşad Sadıqovun əvəzləmələri nə bir nəticə verdi, nə də meydanda taktiki yenilik gördük. Qonaqları çalışdıran ukraynalı mütəxəssis də futbol dahisi deyil. Yuri Quranın Sadıqovun sistemini çözməsi üçün üç 45 dəqiqə lazım gəldi. İkinci hissənin əvvəlində meydana buraxdığı Əyyub Allaş komandamızı tək məğlub etməyi bacardı. Elə penaltilər seriyasında da tabuta son mismarı vuran Əyyub oldu.
Görünən odur ki, dünən “Zirə”də Allaş kimi futbolçu çatmırdı. Rəşad Sadıqov onu komandasında istəmişdi, amma tələb etdiyi yüksək maaşla razılaşmamışdılar. Mərakeşli dünən ikinci rəsmi oyununa çıxdığı “Şerif”i növbəti mərhələyə daşıdı. Beləcə, hər kəs öz dəyərini göstərmiş oldu.
Təbii ki, Rəşad Sadıqovu “niyə filan oyunçunu almadın?” deyib ittiham edə bilmərik. Məsələ burasındadır ki, “Zirə”nin oyununa kiçik, amma Midas toxunuşuna bərabər müdaxilə etmək olardı. Futbolçularımız onsuz da, boy cəhətdən rəqibə uduzurdular. Belə komandalar topu özündə saxlayaraq, uğurlu ötürmələrlə set hücumları quranda qarşısıalınmaz olurlar. Bizimkilər isə xaotik şəkildə topu irəlidə heç kimin olmadığı mövqelərə göndərirdilər. Düşünmürəm ki, Sadıqovun bütün bilikləri qırmızı vərəqə ilə birgə buxarlanıb getmiş olsun. Başa düşmək olar ki, oyunun həyəcanı və bir çox başqa nüanslar sürətli və sağlam qərarlar qəbul etməyə mane olur. Elə Yuri Quranın 120-ci dəqiqədə etdiyi qapıçı əvəzləməsi kimi. Həqiqətən, gülməli addım idi. Heç bir zərbənin istiqamətini düzgün müəyyənləşdirə bilməyən Dumitruya uduzan Fuad Bayramov da faciəvi məğlubiyyətin memarlarından biri oldu. “Zirə”nin qapısını qoruyan Tiaqo isə hər iki oyunda yaxşı idi, hətta demək olar ki, penaltilər seriyasında da. Təəssüf ki, Rəşad Sadıqovun hazırlaşmağı sevmədiyi lotoreya bizi Avropa Liqasından uzaqlaşdırmağı bacardı.
Mütəxəssis deyir ki, hakimin rəqibə simpatiyası aşkar hiss olunurdu. Bəli, hətta tribunada oturan hər hansı gözdən əlil şəxs də bunu reaksiyalardan hiss edərdi. Hər kiçik toxunuşda rəqibin leyhinə qərarlar verən Bulat Sariyev oyunun tempinə də ciddi zərər vururdu. Ümumilikdə hakimlər briqadası yıxılana balta vurmaqla məşğul idi.
Bu qədər mənfi halın yaşandığı məşum 18 iyul gecəsində üzümüzü güldürən bir hadisənin də şahidi olduq. Meydanın kənarında fəaliyyət göstərən “Zirə”nin gənc yetirmələrindən biri hava səbəbilə özünü yaxşı hiss etmirdi. Onun vəziyyətinin fərqinə varan “Şerif”in texniki heyəti dərhal köməyinə yetişdi, su və dərmanla təmin etdilər. Hətta yeniyetmə özünə gəldikdən sonra da tez-tez vəziyyəti ilə maraqlanıb, qayğını əsirgəmədilər. Azarkeşlər onların bu davranışına yalnız alqışlarla cavab verə bildi.
Biz də öz növbəmizdə “Zirə”yə alqışlarımızla cavab verdik. Futbolçular fərdi şəkildə bacardıqlarını etdilər, 210 dəqiqə layiqli mübarizə apardılar. Qarşıdakı dövrdə komandadan əsas gözləntimiz stabillik olacaq. Daha məsuliyyətli, sistemli və çalışqan olmaqla Konfrans Liqasında tarix yazmaq olar.
ADİL NƏHMƏTLİ