"Bülənt Korkmazın milli komandaya baş məşqçi təyin olunmasına daha çox üstünlük verərəm. Korkmazla “Bakı”da çalışmışıq, milli komanda üçün faydalı olacağına inanıram".
Bu sözləri apasport.az saytına açıqlamasında "Dinamo"nun sabiq məşqçisi Novruz Əzimov milli komandaya yeni baş məşqçi kimi Bülənt Korkmaz və Şenol Güneş adlarının hallanmasına münasibət bildirərkən deyib.
O, Bülənt Korkmazın keçidi baş tutsa, milli üçün daha uğurlu gələcək olacağına inandığını qeyd edib: "Əgər, ikisindən birinin milli komandamızın baş məşqçisi təyinatı məsələsi gedərsə, Korkmazın seçilməsini istəyərəm. Birlikdə işləmişik, onun professionallığına tam əminəm. Onun fikirləri ilə qurulacaq komandanın perspektivini də mən görə bilirəm. Şans verilərsə, bəli, milli komandanın daha üstün olmasına Bülənt Korkmaz nail ola bilər".
Sabiq məşqçi bu fikirlə yanaşı milli komandanı yerli məşqçimizin çalışdırmasını daha vacib hesab edib. Yerli məşqçilərdən bu posta namizədlərini də irəli sürüb: "Fikrimcə, yerli məşqçiyə daha çox şans verilməlidir. Namizəd ola biləcək yerli məşqçilərimiz lazımı qədərdir. Fikrimcə, bu vəzifəni ən layiqli şəkildə yerinə yetirə biləcək məşqçi Əsgər Abdullayev ola bilər. Bundan başqa, Qurban Qurbanov, Tərlan Əhmədov var. Bu məşqçilərin də potensial imkanları çox böyükdür".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Hazırda bu kürsüdə yerli məşqçiləri namizəd görənlərlə bərabər, türkiyəli mütəxəssislər Bülənt Korkmaz və Şenol Güneşi də posta layiq bilənlər var.