Millimizin qapıçısı: “İstənilən yığma ilə mübarizə aparacaq gücdəyik”
12.10.2023 - 09:00
Millimizin qapıçısı: “İstənilən yığma ilə mübarizə aparacaq gücdəyik”

“Astanadakı oyun da Bakıdakı matçın davamı oldu. Bu görüşlər sanki bir-birini təkrarladı”. 

Apasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdov deyib.

O, DÇ-2024-ün elit-raundunda Qazaxıstan qarşı keçirilən oyun barədə fikirlərini azfutzal.az-a açıqlayıb: “Bakıda daha yaxşı oynadıq bu rəqibə qarşı və sübut etdik ki, istənilən yığma ilə mübarizə aparacaq gücdəyik. Sadəcə bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki görüşdə bəxt onların tərəfində oldu. Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözünü” dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə oyunu saxladılar, ancaq rəqibin topu oğurlayıb qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən fair-pley nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər”.

Kürdov qrupdakı son iki matçda sonadək mübarizə aparacaqlarını qeyd edib: “Qarşıda 2 oyunumuz qalıb. Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq. Düzdür, itkimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü, Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq. Əlbəttə, istərdik ki, final mərhələsinə birbaşa vəsiqə qazanaq. Amma qeyd etdiyim səbəblər də buna imkan vermədi”.

Qeyd edək ki, millimiz Astandakı qarşılaşmada Qazaxıstana 2:3 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0