“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Artıq “Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu”.
Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun saytına açıqlamasında deyib.
Ağdam klubunun rəhbəri komandasının baş məşqçisi Qurban Qurbanovun “Jean Borotra World Fair Play Career” mükafatını almasına münasibət bildirib. Gözəl 51 yaşlı mütəxəssisi təbrik edib: “Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi. Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.
Qeyd edək ki, Qurbanov Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən bu mükafata layiq görülüb.