“Bizim üçün çox vacib oyun idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXXIII turunun “Qəbələ” ilə görüşündən sonra mətbuat konfransında iştirak edib. Qurbanov matç barədə fikirlərini açıqlayıb: “Şükürlər olsun Allaha ki, üç xalı əldə etdik. Çox aktiv, aqressiv komandaya qarşı oynayırdıq. Meydanda çox güclü mübarizə getdi. Təkbətək mübarizələr çox idi. İlk hissənin ortalarına kimi oyuna tam istədiyimiz kimi nəzarət edə bilmirdik. Amma get-gedə, yavaş-yavaş oyunu ələ ala bildik və xeyli sayda qol epizodlarımız da oldu. Daha vacib olan isə futbolçularım sona qədər oyunun içində qalmasıydı. Hər bir futbolçuda yaxşı konsentrasiya var idi, hər biri özünü intizamlı apara bildi. Həm oyun baxımından, həm də rəqibə qarşı. Futbolçularımı təbrik edirəm. Bizim üçün çox faydalı oyun oldu. "Qəbələ" yə uğurlar arzulayıram”.
- "Qəbələ" yüksəlişdə olan komanda idi, son dəfə bir ay əvvəl uduzmuşdular. Bu cür hesabı özünüz gözləyirdiz?
- Hesab barədə heç vaxt düşünmürük. Bizim üçün vacib olan 90 dəqiqə oyun intizamını qoruyub-saxlamaqdır. Belə olduğu halda, qapında qol görmürsən, rəqib üzərində təzyiq yaradırsan. "Qəbələ" asanlıqla qol buraxan komanda deyil. Baxmayaraq ki, hücumda daha çox olurlar, boşluqlara yol verirlər. Hər qol bizə, futbolçulara inam verir. Qələbə bizim üçün vaciib idi. "Qəbələ" son vaxtlar yüksəlişdəydi və oyunları, istəkləri, xarakterləri ilə yaxşı komanda formalaşıb. Məşq etdiklərimizi, düşündüklərimizi futbolçuların yerinə yetirməsi daha vacibdir.
- Bu mövsüm Elvin Cəfərquliyevə qədər "Qəbələ"yə "Qarabağ"dan Azərbaycan futbol məktəbinin yetirməsi qol vurmaməşdı. Bu, təsadüfdür, yoxsa onu göstərir ki, Azərbaycan futbol məktəbi digərlərinə baxanda, çox zəifdir?
- Oyundur da, olur. Belə hallar çox olub. Təsadüfdür yəqin. Statistikaya heç vaxt baxmamışam. Allah qoysa, vurarlar, sayları çoxalar. Hücumçuların sayı çoxalsa, inanıram ki, qollar da çoxalar.
- Komandadan gedəcək və gələcək futbolçuların siyahısı var?
- Yox, hələ yoxdur. Çünki bütün fikrimizi çempionata yönəltmişik. Bu barədə heç düşünməmişik. Danışıq apardığımız oyunçular var.
- Bu yaxınlarda minifutbol federasiyasının fəxri prezidenti Orxan Məmmədov deyib ki, gələn ildən çempionatda Premyer Liqa klublarının minifutbol kollektivləri iştirak edə bilər. "Qarabağ"da belə plan var? İştirak edəsi olsanız, özünüz ya məşqçilərdən kimsə, oynayarsınız çempionatda?
- Maraqlı təklifdir. Orxan müəllim son vaxtlar Azərbaycan futbolunda qeyri-adi fikirlər irəli sürür. Sanki futbolu sevdirmək üçün gözəl addımlar atır. Bu təklif də mənim üçün maraqlı oldu. İmkanım olsa, özüm də oynayaram. Amma hər bir halda, proqram tam hazır olduqdan sonra tam müzakirə etmək olar. Ümumilikdə maraqlı təklifdir. Bir neçə oyunlara baxmışam. Hətta minifutbol yığmamız Avropa çempionu olanda bir neçə matçlarına baxdım. Çox böyük ajiotaj var idi. Bu cür turnirlər, oyunlar futbola marağı daha da artırır. Mən yox demərəm. İmkanım, gücüm olsa, özüm də oynayaram.
Qeyd edək ki, “Qarabağ” ev oyununda 3:0 hesablı qələbə qazanıb.