Murad Musayev: "Hansı klub mənə yaxın durar ki?" - Müsahibə
25.06.2024 - 22:26
Murad Musayev: "Hansı klub mənə yaxın durar ki?" - Müsahibə

"Qəbələ"nin müdafiəçisi, mövsümün sonlarında zədələnən və əməliyyat olunan Murad Musayev apasport.az saytına müsahibə verib. O, hazırda müalicə olunduğunu və yeni mövsümdə hansı komandada olacağını dəqiq bilmir.

- "Qəbələ" ötən mövsümü Premyer Liqada sonuncu pillədə başa vuraraq, Birinci Liqaya düşdü. Yəqin ki, özünüz üçün də gözlənilməz idi? Səncə, niyə belə oldu?
- Təbii ki, bunu heç kim gözləmirdi. İnanmıram ki, kimsə "Qəbələ"nin Birinci Liqaya düşəcəyini düşünsün. Yəqin ki, heç kəs buna inanmırdı. Futboldur da, nələrsə düzgün etməyəndə belə də olurmuş. Bunun səbəbləri çoxdur. Lakin bunu demək mənə düşməz. Nəticə budur ki, Premyer Liqada sonuncu pilləni tutduq və Birinci Liqaya düşdük.

- Kaxaber Tsxadadze mövsümü gedişində baş məşqçi postuna gələndə, qalacağınıza inamınız var idi?
- Bilirsiz, həmin vaxtı vəziyyət elə idi ki, vacib olan hər kəsin özünə inanmalı olduğu və daha istəkli olması idi. Əslində, sona qədər mübarizə apardıq. Əlimizdən gələni də etdik, təəssüf ki, belə nəticə alındı. Halbuki, biz də yaxşı nəticə üçün çalışırdıq.  

- "Qəbələ" yeni sezona Birinci Liqada başlayacaq. Gözlənilən odur ki, komanda iddialı olacaq. "Şamaxı" ötən mövsüm aşağı liqaya düşsə də, yeni sezondan artıq yenidən Premyer Liqada oynayacaq. Səncə, onların etdiyini edə biləcəksiz?
- Yəqin ki, yaxşı heyət yığarlar. İddialı olub, Birinci Liqada çempionluq yaşayaraq Premyer Liqaya qayıdarlar. Çünki klub rəsmiləri də çıxışlarında böyük işlər görəcəklərini deyirlər. İnanıram ki, "Qəbələ"nin işləri yaxşı alınacaq.

- Mövsümün sonlarında zədələndin və əməliyyat edildin. "Qəbələ" bütün xərci üzərinə götürüb sağalana qədər? Maraqlıdır, səni yeni sezon "Qəbələ"də görəcəyik?
- Futbolda zədələr qaçılmazdı. Təbii ki, əməliyyatımın ödənişini ediblər. Qalan məsələlərdə də kömək olacaqlarını deyiblər. Hazırda müalicə alıram. Yəqin ki, yaxın zamanda ona da kömək edərlər. Mən də gözləyirəm.

- Başqa klublardan təklifin var? Varsa, hansı addımı atmaq istəyirsən? Sənin üçün doğma olan "Qəbələ"ni Premyer Liqaya yüksəltmək istəyirsiz, yoxsa Birinci Liqada oynamaq istəmirsən?
- Bu vəziyyətdə hansı Azərbaycan klubunun rəhbəri, baş məşqçisi mənə yaxın durar ki? Sağalmağımı gözləyirəm, müalicəm davam edir. Hər şey yaxşı gedir. Həkimim də deyib ki, ən geci oktyabrın əvvəlində tam şəkildə "Qəbələ" ilə məşqlərə başlaya bilərəm. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq və məşqlərə başlayacam.

- "Qəbələ" ilə müqavilən başa çatıb. Sağaldıqdan sonra harada məşq edəcəksən?
- Hələ ki, müqaviləm başa çatıb. Düzdür, mövsümün gedişində yeni müqavilə təklif etmişdilər. Ancaq indi müqaviləm bitib. Necə olacağını bilmirəm. Danışıqlardan asılıdır. İstəsələr, əlbəttə ki, sağaldıqdan sonra məşqlərə başlamaq olar. Ancaq indiki vəziyyətdə necə olacağını bilmirəm. Çünki zədəliyəm və oktyabra məşqlərdə başlayacam. Zamanla hər şeyin necə olacağını görəcəyik.

writer photo
Əlirza Əlirzalı
0