Miodraq Bojoviç: "Yaxşı ki, məğlub olmadıq"
09.03.2024 - 18:24
Miodraq Bojoviç: "Yaxşı ki, məğlub olmadıq"

Misli Premyer Liqasının 26-cı turunda "Neftçi" səfərdə "Kəpəz"lə 3:3 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun alındı. 3 dəfə hesabda geri düşdük və geridönüş etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Deyərdim ki, yaxşı oynadıq. İlk hissədə oyuna nəzarət bizdə idi. İkinci hissə başlayanda yenə qol buraxdıq. Rəqib çox yaxşı qol vurdu. Yaxşı ki, məğlub olmadıq. Komandam sona kimi xarakter göstərdi. Bilmirəm hansı epizoda qırmızı vərəqə verirlər. Az qamışdı ki, Eminin ayağını qırsınlar. "Qarabağ"la oyunda da eyni hal baş vermişdi. Sonra bizi Tovuzda oynamağa məcbur etdilər. 14 gün ərzində Tovuza 2 dəfə səfər etmişik. Məndə olan məlumata görə, "Kəpəz" bundan sonra Sumqayıtda oynayacaq. Yalnız bizi Tovuzda oynamağa məcbur edirlər. Bu, düzgün deyil, qaydalara ziddir. Bir komanda mövsüm ərzində 3-4 fərqli stadionda oynayır.

- "Neftçi" autsayderi məğlub edə bilmirsə, kimi məğlub edəcək?

- Deməzdim ki, "Kəpəz" autsayderdir. Bütün komandalar eyni gücdədir. Heç kim asan qələbə qazana bilmir. Tunrir cədvəlində xal baxımından sıxlıqdır. "Kəpəz" də inkişaf edir. Biz bu gün onlardan daha yaxşı idik.

- Hər iki hissədə erkən qollar buraxdınız. Bu, komandaya necə təsir etdi?

- Cavab vermək çətindir. Fasilədə futbolçulara dedik ki, daha diqqətli başlayaq. Amma yenə də diqqətsizlikdən qol buraxdıq.

- Emin Mahmudovun durumu necədir?

- Çox ciddi zədə alıb. Həkimlər müayinə edəndən sonra dəqiq durumunu biləcəyik. Başa düşə bilmirəm ki, hansı epizoda qırmızı vərəqə verirlər.

writer photo
Əlirza Əlirzalı
0