“Mahir Emreli çox yaxşı futbolçudur. Amma "Dinamo"nun digər yaxşı oyunçuları da var. Bu mənada, klub yaxşı biznes aparır”.
Bunu apasport.az saytına “Qarabağ”ın sabiq xorvatiyalı qapıçısı Miro Varvodiç deyib.
O, Azərbaycan millisinin forvardı Mahir Emrelinin Zaqreb “Dinamo”sunda daimi oynamaq şanslarını dəyərləndirib: “Onlar bilir ki, dünya çempionatındakı uğurlu çıxışdan sonra aparıcı oyunçularını milyon dollarlara sata biləcək. Mislav Orşiçi "Sauthempton"a satdılar. "Dinamo"da yaxşı futbolçular çox olduğu üçün Mahirə daim oynamaq çətindir. Emreli digərlərindən iki dəfə yaxşı olmalıdır ki, hər oyunda start heyətində meydana çıxsın. Ümumiyyətlə, bu, hər bir ölkədə legionerlər üçün belədir”.
“Hayduk”, “Köln” kimi klubların qapısını qorumuş Varvodiç Mahir üçün ən yaxşı variantın digər kluba icarəyə yollanmaq olduğunu söyləyib: “Bruno Petkoviçi də Mislav Orşiç kimi satmaq lazımdır. Amma bildiyim qədərilə "Dinamo" onun əvəzinə "Volfsburq"dan Brekalonu gətirəcək. Bütün bunları nəzərə alsaq, məncə, Mahir üçün ən yaxşısı icarəyə yollanmaqdır. O, "Riyeka" və ya bu tip komandalara icarəyə yollanaraq, daha çox oynamaq şansı qazanmalıdır”.