Mişuradan təklif: "Əvvəlki “Neftçi” ilə indiki “Neftçi” qarşılaşsın" - MÜSAHİBƏ
08.04.2023 - 13:48
Mişuradan təklif: "Əvvəlki “Neftçi” ilə indiki “Neftçi” qarşılaşsın" - MÜSAHİBƏ

“Neftçi”nin sabiq forvardı Tomislav Mişuranın apasport.az saytına müsahibəsi

- Karyeranızı bitirdikdən sonra futbol agenti kimi çalışırdız. Hazırda da həmin işlə məşğulsan?
- Bəli, indi bəzi gənc oyunçulara və bəzi klublara skautinqdə kömək edirəm. Həm də gənclər üzrə məşqçi və fərdi məşqçi kimi çalışıram. Bəzi menecerlərlə danışdım, onlar mənə dedilər ki, bir çox klublarda fərdi məşqlər üçün mütəxəssislərə ehtiyac var. Məncə, bu, klub və futbolçular üçün çox yaxşı haldır.

- Avropada azərbaycanlı futbolçular çox deyil. Mahir Emreli “Konyaspor”da, Renat Dadaşov “Qrasshopper”də oynayır. Onları izləyirsən?
- Bəli, hər iki futbolçu haqda eşitmişəm. Doğrudur, tam yaxından oyunlarına baxmamışam. Ancaq onlar barədə məlumatlıyam. Mahirin “Dinamo”ya məxsus olduğunu bilirəm.

- Səncə, Emreli Zaqreb klubuna qayıdıb orada əsas heyət uğrunda mübarizə apara bilər?
- Hazırda “Konyaspor”da icarə əsasında çıxış etdiyindən xəbərdaram. Yaxşı performans göstərərsə, əlbəttə ki, hər şey mümkündür. “Dinamo” Xorvatiyanın ən yaxşı və ən zəngin klubudur. Hər il Avropada oynayırlar və bu, futbolçular üçün vacibdir. Böyük klublarda şans əldə edəndə ondan istifadə etməlisən. Əgər bunu etmədinsə, gözləməli və yenidən şans üçün özünü sübut etməlisən. Buna görə də zehni və fiziki olaraq həmişə ən yüksək səviyyədə olmalısan.

- “Neftçi”ni indi də izləyirsiniz? Əvvəlki komanda ilə indiki arasında hansı fərqlər var?
- Bizim “Neftçi” daha güclü idi (gülür). Təbii ki, zarafat edirəm. Düzü, hansı komandanın daha güclü olduğunu söyləmək çətindir. Oynadığım zaman çempion olmuşdum, böyük azərbaycanlı futbolçularla komanda yoldaşı idim. Bəlkə də, əvvəlki “Neftçi” ilə indiki “Neftçi” bir-biri ilə qarşılaşmalıdır. O zaman hansının daha güclü olduğunu görə bilərik (gülür). Sadəcə, “Neftçi”yə mümkün qədər çox oyun qazanıb azarkeşlərimizi sevindirmələrini arzulayıram.

- “Neftçi”də oynadığın zaman daha çox hansı görüşü xatırlayırsınız? 
- Çempionlar Liqasında “Hafnarfyordur”la görüşləri. Hətta karyeramın son klubu üçün İslandiyaya yollanmışdım. “Neftçi”nin heyətindəki oyunuma görə islandlar mənə “mister Çempionlar Liqası” deyirdi (gülür).

- Maraqlısı orasındadır ki, “Neftçi”də cəmi bir il oynasanız da, sizi əksər azarkeşlər indi də xatırlayır. Bir ildə bu sevgini qazanmağı necə bacardın? Azərbaycanda uzun müddət qalmamağın səbəbi nə idi?
- Azərbaycanda məni hələ də xatırladıqlarını eşitdiyimə görə sevinirəm. Bütün bu gözəl xatirələri heç vaxt unutmayacam. “Neftçi”dən ayrılmağımın səbəbi ailəmlə birlikdə olmaq idi. Altı ay ailəmin yanında çox olmadım, əmim və nənəm dünyasını dəyişdi. Çətin vaxt idi, ailəmə yaxın olmaq istəyirdim. Bəlkə yenidən Azərbaycana gələcəm. Heç vaxt nəyin necə olacağını bilmirsən. Məni kluba kömək etməyə çağırsalar, gələrəm.

- Hazırda Azərbaycanda hegemon komanda “Qarabağ”dır. “Neftçi”də oynadığınız zaman “Qarabağ”a qarşı keçirdiyin görüşü xatırlayırsınız?
- Təbii ki. Onlara o vaxtı iki qol vurmuşdum. “Qarabağ" “Neftçi”də keçmiş komanda yoldaşımın (Qurban Qurbanovu nəzərdə tutur – red.) rəhbərliyi altında güclü və sabit kluba çevrildi. Bu, Azərbaycan liqası üçün yaxşıdır.

- Sloveniyalı futbolçular son vaxtlar Azərbaycana gəlmir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bəzi oyunçularla danışdım, onlar Azərbaycan çempionatı klubları haqqında çox şey bilmirlər. Ona görə də düşünürlər ki, Premyer Liqa o qədər yaxşı deyil. Amma onlar səhv fikirdədir. Azərbaycanda çox qalmadığıma görə təəssüflənirəm. Amma ola bilsin, gələcəkdə Azərbaycan klublarına hansısa sloveniyalı oyunçunu gətirdim.

writer photo
Əlirza Əlirzalı
0