Murad Musayev: “Böyük faciə baş verməyib, onlara inanırıq” - MÜSAHİBƏ
29.06.2023 - 13:12
Murad Musayev: “Böyük faciə baş verməyib, onlara inanırıq” - MÜSAHİBƏ

“Qəbələ”nin müdafiəçisi Murad Musayevin apasport.az saytına müsahibəsi 

- "Qəbələ"nin Konfrans Liqasındakı rəqibi "Omoniya" oldu. Səncə, püşkatmada "Qəbələ"nin bəxti gətirdi? Hər halda, "Brügge", "Bazel" kimi daha güclü rəqiblər var idi...
- “Omoniya” yaxşı və təhlükəli rəqibdir. Özü də tanınmış komandalardandır. Demək olar ki, hər il avrokuboklarda qruplarda oynayırlar. Bizə də tanış rəqibdir. “Qarabağ”a rəqib olmuşdu, onlarla oyunlarını xatırlayıram. Ciddi rəqibdirlər. Amma hazırlaşırıq. Heyətimizi bir az düzəldib, ondan sonra konkret olaraq bu oyun haqda fikirləşib, köklənəcəyik. Hazırkı fikrimiz odur ki, heyəti tam formalaşdıraq və oyunun hazırlıqlarına başlayaq. 

- "Omoniya" haqda başqa hansısa məlumata sahibsən? 
- Düzü, hazırda geniş məlumatım yoxdur və indi “Omoniya” haqda heç düşünmürük. Az-çox tanıyırıq. Təhlükəli və avrokuboklarda təcrübəsi olan komandadır.

- Ümumiyyətlə, "Qəbələ"nin "Omoniya"nı keçmək şanslarını necə dəyərləndirirsən? 
- Oyuna kimi tam şəkildə hazırlaşıb, meydanda hər şeyimizi qoyacağıq ki, yaxşı nəticə əldə edə bilək, uğur qazanaq. Təbii ki, istəyimiz nəticə əldə etməkdir. Komandanın heyətini formalaşdırıb, kollektivi qurub, ondan sonra “Omoniya” haqda rahat düşünə biləcəyik.

- "Qəbələ"də çoxlu ayrılıqlar oldu, əsas oyunçular getdi. Onların gedişi komandaya çox pis təsir edəcək? 
- Futbolda belə hallar olub. “Qəbələ”də də bu ayrılıqlar baş verib. Bundan sonra da olacaq. Ayrılıqlar gedənlər gedir. “Qəbələ” elə klubdur ki, kim istəyir oynasın, ya getsin, klubun kökü, adı hamıya məlumdur. Burada qalan hər bir futbolçu da, harada olduğunu daha yaxşı bilir, daha yaxşı dərk edir. Gələnlər də hara gəldiyini bilir. Bizim üçün böyük faciə baş verməyib. İnanırıq ki, hər şey daha yaxşı olacaq. Özümüzə, rəhbərliyə, məşqçilər heyətinə, “Qəbələ”də qalan hər bir futbolçuya inanırıq, güvənimiz sonsuzdur. Ayrılanların hər birinə uğurlar arzulayırıq. Amma bizim üçün böyük bir şey baş verməyib.

- Yeni gələn Zurab Oçiqava ilə tandem təşkil etmək çətin olmayacaq? Hər halda, Ruan Renatodan sonra onunla tandem təşkil edəcəksən. Ahmed Ayzaya haqda hansı fikirdəsən?
- Oçiqava bildiyimiz, tanıdığımız futbolçudur. İki ildir ki, Azərbaycanda çıxış edir. Məşqçilər korpusu Zuraba güvənib, inanıb komandaya gətirib. Düşünürəm ki, böyük problemlər baş verməyəcək. Ahmed Ayzaya da tanıdığımız biridir. “Kəpəz”də yaxşı formadaydı, yaxşı oyunlar keçirib. Bizim üçün də faydalı olacağına inanıram. Hər şeyi zaman göstərəcək. İnanırıq ki, hər şey daha yaxşı olacaq.

writer photo
Əlirza Əlirzalı
0