“Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev apasport.az saytına müsahibə verib.
-"Səbail"lə görüşdə hər şey istədiyiniz kimi alındı, yoxsa daha çətin olacağını ehtimal edirdin?
- Çempionatda hər oyun gərgin keçir. Ümumiyyətlə, asan oyun yoxdur. Hər turda çətinlik çəkirsən. Bizim "Səbail"lə görüşümüz də, bura daxildir. Çətin və gərgin oyun oldu. Qələbə qazandığımız üçün şadam.
- Rəqibiniz ikinci hissədə daha çox təzyiq edən tərəf idi. Onların qol vuracağını ehtimal edirdiniz, yoxsa qələbə qazanacağınıza inanırdın?
- Bu normaldır. Çünki məğlub durumda olan komanda hər zaman təzyiq edir, daha aqressiv oynayır. Əldə etdiyimiz qol epizodlarını tez vursaydıq, daha asan olacaqdı. Amma istənilən halda, qələbəyə görə sevinirik. Çətin oyun idi.
- Hazırda "Sumqayıt" turnir cədvəlində ikinci pilləsində qərarlaşıb. Özünüzü necə hiss edirsiz? İkinci pillədə qalmaq mümkün olacaq?
- Ölkə çempionatında turnir cədvəlinə baxsaq, görərik ki, bir-birinə yaxındırlar. Biz də hər növbəti oyuna hazırlaşırıq. Addım-addım irəliləməyi düşünürük. Meydana çıxdığımız hər görüşdə də uğurlu nəticə qazanmaq istəyirik. Hər oyunda qalib gəlməyi düşünürük.
- Samir Abasov tez-tez bildirir ki, ehtiyat skamya geniş deyil. Bu, sizə çətinlik yaradır?
- Axı mən futbolçuyam, bu suala necə cavab verə bilərəm (gülür). Çünki futbolçunun əsas vəzifəsi meydana əldə olan heyətlə çıxıb, maksimumunu verməkdir. Mən də bunu edirəm.
- Növbəti turda "Sabah"la qarşılaşacaqsız. Rəqiblə və oyunla bağlı nə düşünürsən? Səncə, qələbə qazanmağınız mümkün olacaq?
- Dediyim kimi, bizim üçün hər matç olduqca vacibdir. "Sabah"la görüş də, həmçinin. "Sabah" yaxşı komandadır. Heyətində çoxlu sayda keyfiyyətli oyunçular oynayır. Amma bu bizim üçün heç nəyi dəyişmir. Biz evdə oynayacağıq. Maksimumuzu verəcəyik ki, uğurlu nəticə qazanaq. Allah qoysa, hər şey yaxşı alınar.
- Ev oyunlarınıza o qədər də çox azarkeş gəlmir. Halbuki, yeni stadionda oynayırsız və "Neftçi" ilə açılış matçından sonra daimi olaraq bu qədər fanatın toplanacağı gözlənilirdi...
- Doğrudur, hər ev oyununda dolu tribuna qarşısında oynamağı çox istəyərdik. Necə ki, "Neftçi" ilə görüşdə belə olmuşdu. Ümid edirəm ki, azarkeşlərimiz tribunaları dolduracaq. Bilirsiz, dolu stadion qarşısında oyun daha da xoş keçir.
- Birinci pillədəki "Qarabağ"la xal fərqiniz yüksəkdir. Onlarla mübarizə aparmaq çox çətindir?
- Realist insan olmaq lazımdır. Doğrudur, "Qarabağ"dan xal almaq, onları məğlub etmək də mümkündür. Amma onlarla çempionluq uğrunda mübarizə aparmaq... Bunun üçün biz bacardığımızdan da çox şey lazımdır.
- Komanda ikinci pillədədir və belə davam edəcəyiniz təqdirdə, avrokuboklara da yollana bilərsiz. Səncə, komanda avrokuboklar hazırdır?
- Bilirsiz, çox şey haqda və çox danışmaq olar. Məncə, hər bir futbolçu avrokuboklarda oynamaq istəyər. Buna hazır olub-olmamağımızı isə mövsümün sonu göstərəcək. Biz üzərimizə düşəni edib, hər oyunda qələbə üçün meydana çıxırıq.