Musa Qurbanlı “Qarabağ”la vidalaşdı
05.07.2023 - 00:15
Musa Qurbanlı “Qarabağ”la vidalaşdı

“Yurqorden”lə müqavilə imzalayan Musa Qurbanlı “Qarabağ”la vidalaşıb.

Apasport.az saytı xəbər verir ki, bununla bağlı yığmanın üzvü sosial şəbəkədə paylaşım edib.

Qurbanlı karyerasında yeni səhifə açmaq üçün Ağdam klubundan ayrıldığını bildirib: “Qarabağ” ailəsi! Mənə ilk gündən doğma olan, həyatımın ayrılmaz parçası halına gəlmiş klubumdan karyeramda yeni səhifə açmaq üçün ayrılıram. Lap uşaqlıqdan bu gözəl ailənin içində oyunları böyük heyranlıqla izləyərək, bir gün meydanda olmaq xəyalı ilə böyümüşəm. Çox şükür, bu arzumu həyata keçirmək mənə nəsib oldu! Karyeramın ilklərini, ən gözəl anlarını burada yaşadım, unudulmaz və dəyərli dostlar, xatirələr, təcrübə qazandım. Amma yeni çağırışların arxasınca getmək və ölkəmizi xaricdə layiqincə təmsil etmək vaxtıdır. 

21 yaşlı futbolçu ailəsinə, futbol ictimaiyyətinə təşəkkür edib: “İlk növbədə, daim mənə dayaq olan atama və ailəmə, futbolçu və insan kimi yetişməyimdə əməyi olan hər kəsə, rəhbərliyimizə, məşqçilərimizə, tibbi heyətimizə, keçmiş və indiki komanda yoldaşlarıma, bazamızda bizim üçün zəhmət çəkən bütüm işçilərə və məni ilk gündən dəstəkləyən bütun azarkeşlərimizə sonsuz minnətdaram”.

Musa yetişdiyi “Neftçi” futbol akademiyasını və “Zirə” klubunu da unutmayıb: “Həmçinin üzərimdə böyük əziyyəti olan “Neftçi”yə, akademiyadakı məşqçilərimə, karyeramda çox önəmli yeri olmuş ”Zirə” və həmişə mənə hədsiz dəstəyini əsirgəməyən məşqçim Rəşad Sadıqova dərin təşəkkürlərimi bildirirəm.
Əziz və dəyərli, “Qarabağ” ailəsi! “Qarabağ” bir futbol klubundan çox daha artıqdır. “Qarabağ” bir ailə, məktəbdir. Haqqınızı halal edin, hamınız üçün darıxacağam, görüşənədək”.

Qeyd edək ki, Musa Qurbanlı İsveç klubu ilə 3 illik müqavilə imzalayıb.
 

writer photo
Əlirza Əlirzalı
0