“Uzun müddət idi futbolçulara belə istirahət verilməmişdi. Üç həftəyə altı oyunumuz olacaq. İndi bu görüşlərə köklənməliyik”.
Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare deyib.
Fransa klubunun çalışdırıcısı qarşıya qoyulan əsas məqsədin yüksək liqada qalmaq olduğunu söyləyib. Ancaq 59 yaşlı çalışdırıcı Avropa Liqasının V turunda gələn həftə “Qarabağ”la keçiriləcək matçdan da qalib ayrılmaq istədiklərini söyləyib: “İlk növbədə Liqa1-də qalmağı hədəfləyirik. Lakin təbii ki, avrokuboklarda da “Qarabağ”la matçda qalib gəlmək arzusu ilə oynayacağıq. Hər şeydən əvvəl məqsədimiz ölkə çempionatında mövsümü minimum 16-cı yerdə bitirməkdir. Bu, elitada qalmağımız üçün kifayət edəcək. Yenə də rəqibik, hər görüşdə qələbə qazanmaq istəyirik. Bundan sonrakı matç doğma arenada “Qarabağ”a qarşı olacaq. Qələbə üçün vacib olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, sabah ölkə çempionatı çərçivəsində “Nitsa”nın qonağı olacaq “Nant” oktyabrın 27-də öz meydanında “Qarabağ”ı qəbul edəcək. Hazırda “Qarabağ” 7 xalla G qrupunda ikinci, “Nant” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.