“Nant”ın futbolçusu: “Döyüşməyi sevirik”
28.10.2022 - 09:36
“Nant”ın futbolçusu: “Döyüşməyi sevirik”

“Olimpiakos”la oyunda olduğu kimi, yenə eyni şeyi etdik. Məncə, döyüşməyi sevirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Nant”ın yarımmüdafiəçisi Lüdovik Blas Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

25 yaşlı futbolçu 2:1 hesabı ilə qalib gəldikləri görüşdə azarkeş dəstəyini xüsusi vurğulayıb: “Bütün bunlar “Nitsa” ilə oyundakı yüksək səviyyəli çıxışın mükafatıdır. Qorxduq, buraxdığımız qolda səhv etdik. “Qarabağ” möhkəm, çox yaxşı komandadır. Azarkeşlərin dəstəyi sayəsində sona qədər qələbəyə inandıq”.

Fransalı oyunçu son dəqiqələrdə vurduqları qələbə topunda yaranan epizodla bağlı bunları deyib: “Qələbə qolu zamanı top məndə olarkən irəliləmək əvəzinə Jan-Şarl Kastellettoya ötürmə verdim. Onun assist edəcəyini bilmirdim. Bu, bizim üçün qurtuluş oldu. İqnatius Qanaqo isə gələndən gündəlik çəkdiyi əziyyətə görə mükafatlandırıldı. Bu böyük xoşbəxtlikdir”.

Blas hələ də növbəti mərhələ şanslarının az olmadığını düşünür: “Hələ püşkatmadan sonra hədəf qrupdan çıxmaq idi. Son turda ikinci yeri tutmağa çalışacağıq. “Qarabağ”la görüşdə olduğu kimi, son turda da inamlı olacağıq”.

Qeyd edək ki, hazırda “Qarabağ” 7 xalla ikinci, “Nant” isə 6 xalla üçüncü sıradadır. Noyabrın 3-də keçiriləcək son turda “Qarabağ” “Frayburq”u qəbul edəcək, “Nant” isə “Olimpiakos”un qonağı olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0