Azərbaycan millisinin sabiq futbolçusu Nazim Əliyevin apasport.az saytına müsahibəsi
- Premyer Liqada mövsümün 1/3-i arxada qalıb. Bu 12 tur ərzində hansı komandalar sizi yaxşı və pis mənada təəccübləndirdi?
- Bu mövsüm Premyer Liqamız daha maraqlı vüsət alıb. Düşünürəm ki, birinci yerdə də, axırıncı yerdə də qərarlaşan komandalar təxminən bərabər səviyyədədir. "Araz-Naxçıvan”, "Səbail", "Kəpəz", eləcə də "Sumqayıt" klublarının hər biri gözlənilməz çıxışı ilə diqqət çəkdi.
- Bu mövsüm sürpriz komandaların liderlər qrupunda olması ilə diqqət çəkir. Sizcə, bu həmin komandanın uğurudur, yoxsa şansı? Ötən mövsümlə müqayisədə hansı komanda daha çox dəyişib?
- "Zirə" "Qarabağ"ın Avropa Liqasında çıxışına görə liderliyi ələ alıb və hələlik mövqeyini qoruyur. "Sumqayıt", "Araz-Naxçıvan", "Səbail" də yaxşı nəticə göstərir. Demək olar ki, bu çempionatda daha maraqlı oyunlar izləyirik. Əvvəl rahatlıqla deyərdik ki, "Qarabağ" hansısa komanda ilə oynayır və onu məğlub edəcək. Ancaq bu il onu demək qeyri-mümkündür. Çünki yuxarı sıralarında qərarlaşan əksər komandalar həqiqətən mövsümün sürpriz komandalardır.
- “Araz-Naxçıvan", “Qəbələ” və “Sumqayıt” ın legionerlərini uğurlu, “Kəpəz” və “Neftçi”nin əcnəbi oyunçularını isə uğursuz hesab edirlər. Bu fikirlərlə razısız?
- Həmin komandaların nəticələrinin legionerlərlə bağlı olduğunu düşünmürəm. Belə götürsək, hər komandada legioner var. Bu da onların maddi durumunun yaxşı olmağından xəbər verir. Əgər pul olmasa, legionerləri dəvət edə bilməzdilər. Bir balaca pul olan kimi o saat digər yerlərdən oyunçular dəvət edirlər. Fərqi yoxdur ki, oynaya bilir, ya bunu bacarmır. Bəzi legionerlərin komandasına heç xeyri də dəymir. Onların yerinə öz oyunçularımız olsa, klubun büdcəsi üçün də daha sərfəli olar. "Neftçi", "Qəbələ" kimi klubların legionerləri özlərinə uyğundur və hər biri komandasına xeyir vermək üçün ordadır.
- Ölkənin iki ən titullu komandası “Qarabağ” və “Neftçi”nin çıxışını necə dəyərləndirirsiz?
- Cari çempionatda titullu anlayışı kənarda qalır. Çünki komandalar bərabər səviyyəli oyun göstərir. Bu da hər bir komandaya marağı daha da artırır. Çempionatın gedişi də göstərir ki, təkcə "Qarabağ" və "Neftçi" deyə iki ad çəkilmir.
- Sizcə, avrokuboklara vəsiqələrə namizəd olacaq, sabit oynayan komandalar hansılardır?
- "Qarabağ" hər il sabit çıxışı ilə bunu bacarır. Qitə kuboklarına vəsiqəyə iddiaçılar kimi "Neftçi", "Zirə" və digər klubların da adı çəkilə bilər. Çünki əvvəlcədən demək olmaz ki, kim hansı yeri tutacaq. Sürpriz komandalar çoxdur və hər şey həmin klublardan asılıdır.
- Sizcə, "Neftçi"dən artıq növbəti sezon avrokuboklarda nailiyyət gözləməliyik?
- Niyə də olmasın?! "Qarabağ" kimi "Neftçi"nin də tarixi var. Qrup mərhələsinə ən birinci "Neftçi" düşüb. Bunu, vaxtilə Sadıq Sadıqovun dövründə görmüşük. İndi isə "Qarabağ" başımızı uca tutur. Arzum budur, "Neftçi" də "Qarabağ" kimi yaxşı oynayıb, əvvəlki statusunu digər klublara qəbul etdirsin.