“Neftçi”nin 11 yaşlılardan ibarət komandası Almaniyada keçiriləcək beynəlxalq turnir üçün Düsseldorfa yola düşüb.
Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” turnir çərçivəsində 4 oyun keçirəcək.
Rəqiblər arasında Almaniyanın “Hannover” və Belçikanın “Eupen” komandası da var. Almaniya səfəri ilə bağlı “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və U-11 komandasının baş məşqçisi Mahmud Əhmədov klubun televiziya kanalına fikirlərini bildirib.
Cemal Bülbül bütün yaş qruplarının ölkə xaricinə çıxmasına çalışdıqlarını söyləyib: “Çox həyəcanlıyıq. Uşaqlar arasında ilk dəfə təyyarəyə minəcək futbolçular var. Hamımız xoşbəxtik. Ötən ay Romaya getmişdik, budəfəki səfərimiz isə Düsseldorfadır. Bizi çox ciddi təcrübə gözləyir. Avropanın güclü komandaları turnirdə iştirak edəcək. Niderland, Belçika, Almaniya təmsilçilərini qeyd edə bilərəm. Qatıldığımız hər turnirdən nələrsə öyrənərək geri dönməyi hədəfləyirik. Məqsədimiz bütün yaş qrupu üzrə komandalarımızı il ərzində ölkə xaricinə aparmaqdır. Orada təkcə “Neftçi”ni yox, Azərbaycanı təmsil edəcəyik. Məsuliyyətimiz böyükdür. İnşallah, yeni şeylər öyrənərək qayıdarıq”.
Akademiyasının direktoru daha iki turnirdən dəvət aldıqlarını da gizlətməyib: “Gələn həftə yeni görüşlər olacaq. Çox ciddi iki turnirdən dəvət var. Noyabrda biri Türkiyədə, biri Almaniyada təşkil olunacaq. Orada da Azərbaycanı uğurla təmsil etməyə çalışacağıq”.
Baş məşqçisi Mahmud Əhmədov də bu iştirakın yeniyetmələr üçün böyük təcrübə olacağını deyib: “Uşaqlar üçün bu bir ilkdir. Birinci dəfədir ki, Avropaya turnir üçün yola düşürlər. Bu, onlar üçün böyük təcrübə olacaq. Nəticədən asılı olmayaraq, uşaqların həmin ab-havada oynamaları, dünyaca məşhur klublarla bir sırada olmaları onlar üçün böyük təcrübə olacaq. Nəticə necə olur-olsun, ora qatılmaq yeniyetmələrimiz üçün uğurdur”.
“Neftçi”nin yeniyetmə futbolçuları da fikirlərini bölüşüblər. Onlar ilk dəfə Almaniyaya getməyin həyəcanı içində olduqlarını, eyni zamanda turnirə çempionluq hədəfi ilə yollandıqlarını açıqlayıblar.