"Neftçi" camiəsinin bütövləşmə zamanıdır” – Tahir Süleymanov yazır
20.07.2022 - 16:23
"Neftçi" camiəsinin bütövləşmə zamanıdır” – Tahir Süleymanov yazır

Zaman tez keçir. Tez keçir ifadəsinin özündə bir sürətsizlik var, zaman ildırım sürəti ilə şütüyür, bir göz qırpımında yox olur. Yazılan, qalan - tarix olur! 

Həyat davam edir...

Dünənin şanlı tarixi, bu günə stimul olmalı, inam yaratmalı, təkan verməlidir.

"Neftçi" növbəti dəfə Kipr səfərinə yola düşüb. 
Rəhbər, məşqçi, futbolçu heyəti fərqli olsa da, "Neftçi" - "Neftçi"dir! 

On il bundan öncə də marşrut eyni, rəqib isə daha güclü, o il Çempionlar Liqasında 1/4-ə gedib çıxmış, "Real"la qarşılaşmış APOEL idi. Bakılılar da madridlilər kimi cəhənnəmə çevrilən stadionda 3 top vurub geri dönmüşdü. 

Kipr futboluna yuxarıdan aşağı baxılmamalıdır.
Milliləri zəif çıxış etsə də, klub futbolunda avrokuboklarda 5 komanda ilə təmsil olunurlar.
Dövlətin kiçikliyini, futbol ənənələrini götürdükdə, Kipr Avropa klub futbolunda öz səviyyələrinə uyğun sabitliyi ilə seçilən ölkələrdəndir... 

Kiprdə rəqabətədözümlü 4-5 komanda çempionatın ayaqda durmasını qoruyub saxlayır. Elə 10 il öncə Azərbaycanda olduğu kimi. O illərin, ölkə klub futbolunun dəyəri bilinmədi, hər turda 2-3 qrup, pley-off səviyyəsində oyunlar keçirilirdi.

Eyforiyaya qapılmamalı, "Aris" kiçildilməməlidir.
Təbii, rəqib APOEL, "Apollon" deyil, bununla yanaşı stabil çempionatı təmsil edir. Tək "Neftçi" yox, Azərbaycana olan münasibət də unudulmamalıdır. Kiprlilər bizim komandalara qarşı, yumşaq desək, tam fərqli motivasiya ilə çıxış edirlər...

"Neftçi" haqqında fikir bildirməyəcəyik, indi dəstək zamanıdır. Təzyiq olmasın. Klub/komandada olan vəziyyətlə, məşqçi, futbolçular, transferlər, yeni sistemlə bağlı sonra təhlillər apararıq. İndi "Neftçi" camiəsinin bütövləşmə zamanıdır. Əgər dərk edilirsə...

Bütün bəhanələr kənara qoyulmalı, məşqçi təzə gəlib, heyət yeni yığılıb, komandaya cavabdehlər var, bizlik deyil düşüncələri birdəfəlik yox edilməlidir. "Neftçi" Kiprdə yeni zəfər yoluna başlamalıdır...

On il öncə daha ağır Kipr səfərinə yollanılmışdı.
Təyyarədə, meydanda, tribunalarda olan rəhbər-rəsmilər, məşqçi-futbolçular, texniki-inzibati heyət, jurnalistlər bir nəfər kimi nəfəs alırdılar: - "Sabah qəlbimizdə Azərbaycan, Türk bayraqları ilə meydana çıxacayıq"!

Sabah bütövləşmiş, adına layiq böyük bir klubu meydanda görmək arzusu ilə...

Uğurlar, "Neftçi"!

Tahir Süleymanov
 

writer photo
Əlirza Əlirzalı
0