“Neftçi”nin baş məşqçisiz qalması bizim üçün üstünlük ola bilər”
16.06.2022 - 15:19
“Neftçi”nin baş məşqçisiz qalması bizim üçün üstünlük ola bilər”

“Neftçi” özəllikləri olan komandadır və bizi uzun səfər gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu Limassol “Aris”inin kommunikasiya üzrə meneceri Kostas Papadopulos Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri “Neftçi”ni dəyərləndirərkən deyib.

Kipr klubunun nümayəndəsi yerli mətbuata açıqlamasında təmsilçimiz barədə müsbət fikirlər səsləndirib: “Neftçi” yüksək performans göstərən təcrübəli komandadır. Ölkəsinin ən titullu klublarından biridir. Bizim üçün heç də yaxşı püşk deyil. Ancaq bu barədə bir az fərqli düşünürük. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq, çünki yüz faiz hazır ola bilməyəcəyik. Ancaq yenə də mümkün olan ən yaxşı səviyyədə hazırlaşmağa çalışacağıq”.

Papadopulos “Neftçi”nin Kipr klubu ilə indiyəqədərki qarşılaşmalarının, hətta APOEL üzərindəki tarixi qələbənin keçmişdə qaldığını vurğulayıb: “Tarixdən əvvəlki tarix heç nə demir. APOEL-lə görüş on il əvvəl olub, bu, heç nəyi dəyişmir. Avrokuboklara vəsiqəni layiqli şəkildə qazandığımızı göstərmək istəyirik”.

O, “Neftçi”də baş məşqçi postunun boş qalmasına da münasibət bildirib: “Bu, bizim üçün üstünlük ola bilər. Yeni çalışdırıcı əcnəbi olsa, uyğunlaşmaqda çətinlik çəkə bilər. Ancaq oradakı futbolu bilən biri olsa, daha asan uyğunlaşacaq. Biz diqqətimizi matça mümkün qədər yaxşı hazırlaşmağa yönəldirik”.

Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də Kiprdə, cavab görüşü isə ayın 28-də Azərbaycanda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0