“Vəziyyətimiz yaxşıdır, məşqlərimiz plana uyğun şəkildə davam edir. Konfrans Liqasında “Aris”lə keçiriləcək ilk oyuna qədər ideal formamızı bərpa etməyə çalışacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Azər Salahlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
28 yaşlı cinah oyunçusu Türkiyə toplanışı çərçivəsində yerli “Sakaryaspor”la 1:1 hesabı ilə nəticələnən matçı dəyərləndirib. O, həmin görüşün ilk hissəsindəki performanslarından razılıq bildirib: “Hazırlıq matçlarında nəticə o qədər də önəm kəsb eləmir. Burada futbolçuların meydançada hərəkətliliyi çox vacibdir. Məncə, “Sakaryaspor”la oyun pis alınmadı. Xüsusən birinci hissəni yaxşı keçirdik. Elə ikinci hissədə meydana çıxan uşaqlar da özlərini yaxşı tərəfdən göstərdilər”.
Azərbaycan millisinin üzvü son transfer Solomon Kvirkveliya barədə də müsbət fikirlər səsləndirib: “Kvirkveliya çox pozitiv insandır. Futbolçu karyerası da göz önündədir. Gürcüstan millisinin üzvüdür. Əvvəl çıxış etdiyi klublar da onun hansı səviyyədə oyunçu olduğunu göstərir”.
Salahlı Konfrans Liqasının II təsnifat mərhələsində Kipr təmsilçisi “Aris”lə keçiriləcək qarşılaşmada azarkeşlərdən dəstək istəyib: “Azarkeşlərimizi Konfrans Liqasında “Aris”lə görüşdə bizə dəstək olmağa çağırıram. Onsuz da, həmişə bizi dəstəkləyiblər. Bir az çox dəstək istəyirik. İnşallah, hər şey arzuladığımız kimi alınar, qələbə qazanarıq”.
Qeyd edək ki, “Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.