Valideynləri ölkəmizi tərk etdiyi üçün 12 yaşında "Neftçi"dən ayrılaraq "Atalanta"nın strukturuna keçən Lorenzo Mezzoterro İtaliya B Seriya təmsilçilərindən “Sampdoriya”ya transfer olunub. O, ötən mövsümü "Barselona"nın "Marcet" akademiyasında keçirib.
İtaliyalı forvard apasport.az-a müsahibəsində gələcək məqsədlərindən danışıb:
- “Sampdoriya” ilə müqavilə imzaladın. Yəqin ki, əsas məqsədin əsas komandada möhkəmlənmək və İtaliya A seriyasında oynamaq olacaq?
- Bəli, “Sampdoriya” ilə müqavilə imzaladım. Hazırda əsas məqsədim futbol meydançasında və kənarda bir oyunçu kimi təkmilləşməyə davam etmək və bu mövsüm çoxlu qol vurmaqdır. Gələcəklə bağlı addım-addım düşünürəm. Aydındır ki, məqsədim “Sampdoriya”nın əsas komandasına düşməkdir. Fikrimcə, bunu da edə bilərəm.
- Artıq “Sampdoriya"nın əsas komandasına bir addım da yaxınsan. Bu səviyyəyə gəlib çatmağında "Neftçi"nin xidməti nə qədərdir?
- Əlbəttə ki, indi “Sampdoriya”dayamsa, bu səviyyəyə çatmışamsa, burada “Neftçi”nin rolu var. Orada oynadığım 3 ildə “Neftçi” futbolçu kimi yetişməyimə kömək etdi. Onlar üçün oynayaraq çox inkişaf etdim.
- Azərbaycanlı futbolçular Avropaya gedə bilmir. Çünki Avropa klubları üçün maraqlı gəlmirlər. Hətta Azərbaycanda uşaq futbolunun zəif olduğu deyilir. Amma sən “Neftçi”də futbolla məşğul olmusan və hazırda "Sampdoriya"da oynayırsan...
- Azərbaycanda futbolun güclü olduğunu düşünürəm. Orada olanda çox inkişaf etdim və Azərbaycanda oynamaqdan həzz aldım. Mən texniki və bir çox başqa aspektlərdə inkişaf etdim. Azərbaycanda çox müsbət vaxt keçirdim.
- “Neftçi”ni heç izləyirsən? Bu komanda hələ ki, bu mövsüm uğursuz çıxış edir. Səncə, "Neftçi"nin əsas komandası nəyə görə uğursuzdur?
- “Neftçi”ni çox da izləyə bilmirəm. Amma həmişə nəticələrə baxıram. Düşünürəm ki, “Neftçi” tarixi klubdur. Onlar yaxşı işlər görəcək.
- Məqsədlərin və xəyalların arasında gələcəkdə "Neftçi"nin əsas komandasında oynamaq var? Yoxsa, məqsədin "İnter", "Milan" kimi komandalarda oynamaqdır?
- Hazırda indiki vaxt haqqında düşünürəm. Futbolçu kimi təkmilləşmək, inkişaf etmək və nəyə qadir olduğumu göstərmək istəyirəm. Arzum Avropanın ən böyük komandalarında oynamaqdır. Gələcəkdə nə olacağını heç kim bilmir. “Neftçi” hər zaman ürəyimdə xüsusi yer tutacaq, mən bu klubu sevirəm!
- "Sampdoriya"da məşqçilərin, komanda yoldaşların sənin futbola Azərbaycanda başladığını bilirlər? Onlara Azərbaycan futbolu haqda danışırsan?
- “Sampdoriya”da hamı bilir ki, mən futbola Azərbaycanda başlamışam. Onlara dedim ki, futbolçu kimi inkişafımda çox mühüm addımı orada atmışam. Məndən Azərbaycan haqqında soruşurlar və mən həmişə bu ölkə haqqında müsbət danışıram. Azərbaycan mənim üçün həmişə xüsusi olacaq.