“Neftçi”nin yeni transferi: “Qərarı asanlıqla verdim”
07.07.2022 - 10:07
“Neftçi”nin yeni transferi: “Qərarı asanlıqla verdim”

“Neftçi”nin təklifini qəbul etmək çətin olmadı. Çünki təklif aldıqdan sonra klubla maraqlandım”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Ataa Caber deyib.

Klubun televiziyasına müsahibə verən israilli yarımmüdafiəçi yay fasiləsində “Aşdod”dan keçdiyi Bakı təmsilçisində hər şeyin ürəyincə olduğunu söyləyib: “Ölkə xaricində oynamaq istəyirdim. Ona görə də bu qərarı asanlıqla verdim. Futbolçu və məşqçi heyəti məni çox yaxşı qarşıladı. Komandadakı ab-havanı çox bəyənirəm. Onların hamısı çox peşəkardır. Bunlar mənə futbolçularla dil tapmaqda və komandaya uyğunlaşmaqda daha çox kömək olur”.

28 yaşlı orta sahə oyunçusu özü kimi İsraildən gətirilən Qodsvey Donyo, həmçinin həmyerlisi Kenni Sayefi çoxdan tanıdığını bildirib: “Əlbəttə ki, Kenni Sayef və Qodsvey Donyo kimi futbolçuların mənə çox köməyi dəyəcək. Kenni ilə ötən mövsüm bir komandada oynamışıq. Onu çox yaxşı tanıyıram. Donyo ilə isə 2-3 dəfə çempionat oyununda qarşılaşmışıq. Biz həm meydanda, həm də ondan kənarda eyni dildə danışırıq. Sözsüz ki, bunların mənə çox köməyi olacaq”.

Ataa Caber təlim-məşq toplanışında tam gücləri ilə çalışdıqlarını əlavə edib: “Özü üzərimizdə dayanmadan çalışırıq, məşqlər edirik. Hər məşqdə məşqçilərlə birlikdə bütün bacarığımızı ortaya qoyuruq. Əminəm ki, matçlara qədər tam hazır vəziyyətdə olacağıq”.

“Ağ-qaralar”ın yeni transferi Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri Kipr “Aris”i barədə məlumatsız olduğunu da etiraf edib: “Aris” haqda, demək olar ki, məlumatım yoxdur. Əminəm ki, baş məşqçi və məşqçilər heyəti rəqibi təhlil edirlər və bizi oyuna lazımi qaydada tam hazır edəcəklər”.

İsrailli futbolçu Azərbaycan təmsilçisi ilə bağlı hədəflərini də bildirib: “Neftçi”nin azarkeşləri haqda məlumatım çoxdur. Komandaya faydalı futbolçu olmaq və qazanıla biləcək bütün titulları əldə etmək üçün əlimdən gələni edib, sona qədər vuruşağacam. Bunu sizə əminliklə deyirəm”.

Qeyd edək ki, Ataa Caber “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0