“Zirə”nin serbiyalı müdafiəçisi Nemanya Andelkoviçin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın IX turunda “Şamaxı” üzərində qələbənin (1:0) belə çətin alınması nədən qaynaqlandı?
- “Şamaxı”nı yeganə qolla məğlub etdik. Belə qələbələr, bəlkə də, ən gözəlidir. Matçdan əvvəl asan olmayacağını bilirdik. Meydanda əlimizdən gələni etdik və son dəqiqəyə qədər konsentrasiyanı itirmədik.
- Başınızdan xəsarət aldığınız üçün bu mövsüm ilk dəfə əvəzləndiniz. Özünüzü indi necə hiss edirsiniz?
- Bəli, bu mövsüm ilk dəfədir ki, əvəzlənirəm. Ciddi bir şey olmadığı halda dəyişiklik edilməsini sevmirəm. Ancaq bu dəfə yaddaşım itmişdi. Buna görə də meydanı tərk etməli oldum. Hazırda kollektivlə birgə məşq edirəm, növbəti oyuna hazırlaşıram.
- “Qarabağ”a böyükhesablı məğlubiyyətdən (1:7) sonra ardıcıl iki qələbə qazandınız. Həmin ağır yenilgini artıq unutduğunuzu düşünmək olar?
- Düzdür, “Qarabağ”a böyük fərqlə uduzduq. Məncə, bu nəticəyə layiq deyildik. Sadəcə futboldur, böyük komandalar da uduzur. Təbii ki, yeddi oyunda 0:1 uduzmaqdansa, bir dəfə 1:7 hesabı ilə yenilmək daha yaxşıdır. Həmin məğlubiyyətdən sonra ayağa qalxdıq və yolumuza döndük. Bununla göstərdik ki, möhtəşəm komandayıq.
- Mövsümün birinci dövrəsini “Zirə” üçün necə dəyərləndirmək olar?
- Biz həmişə daha yaxşısını etmək istəmişik. İkinci dövrədə daha da yaxşı olmağa çalışacağıq.
- Çempionatda ən çox qol buraxan ikinci komandasınız. Müdafiəçi olaraq bunu nə ilə izah edə bilərsiniz?
- “Qarabağ”la qarşılaşmada 7 top buraxmasaydıq, indi ən az qol buraxan dörd komandadan biri olardıq.
- Növbəti turda “Sabah”ın qonağı olacaqsınız. Rəqibin yaxşı formada olması sizi qorxutmur?
- Əlbəttə ki, qorxutmur. Çünki məni nəsə qorxutsaydı, futbol oynamazdım. Komanda yoldaşlarıma inanıram. Ora gedib futbol oynamağa və qələbə qazanmağa çalışacağıq.
- Ötən mövsümün bürünc mükafatçısı olan “Zirə”ni əksəriyyət indi ilk “üçlüy”ə iddiaçı saymır. Favoritlər sırasında göstərilməməyiniz işinizi asanlaşdırmır?
- Qoy hər kəs istədiyini danışsın. İndi çox danışmaq istəmirəm, çünki qarşıda hələ çox görüş var. Mövsümün sonunda turnir cədvəlindəki durumu birlikdə görəcəyik.
- Baş məşqçi Rəşad Sadıqovun və rəhbərliyin cari mövsümdəki nəticələrə reaksiyası necədir?
- Baş məşqçi bizə hər zaman dəstək və güvən verir. İstər pis, istərsə də yaxşı günlərimizdə klubda çalışan bütün insanlar bizi dəstəkləyir, yanımızda olurlar. Ümid edirik ki, bu mövsüm də uğurlu nəticə əldə edərik.
Ruslan Sadıqov