Nazim Məmmədzadə: "Santuşun məni milliyə çağırması real görünmür" - Müsahibə
05.08.2024 - 17:18
Nazim Məmmədzadə: "Santuşun məni milliyə çağırması real görünmür" - Müsahibə

Hazırda legioner həyatı yaşayan azərbaycanlı futbolçulardan biri də Nazim Məmmədzadədir. O, bir müddət əvvəl Latviya yüksək liqasında yarışan "Qrobinas"a keçib və qısa müddətdə komandasının aparıcı üzvünə çevrilib.

Əvvəllər İspaniya və Şimali Makedoniyada da çıxış etmiş müdafiəçi Apasport.az saytına müsahibə verib:

- Son turda "Liepaya" qalib gəldiniz. Bu görüş sizin üçün necə alındı? Maraqlıdır ki, bir vaxtlar Latviya çempionatında liderlik edən bu klub da hazırda son pillədədir...

- Bizim üçün çempionatdakı bəlkə də, ən vacib oyun idi. Çünki burada derbi sayılır. belə oyunda qələbə qazanmaq həmişə xoşdur. "Lieapaya" haqda heç nə deyə bilmərəm. Bu komandanın probleminin nə olduğunu bilmirəm. Mən öz komandamız haqda düşünürəm və öz komandamız haqda danışa bilərəm.

- Hazırda "Qrobinas" altıncı pillədə qərarlaşıb. Bu vəziyyət sizi razı salır? Sən bu komandaya keçəndə daha aşağı yerdə idiz. İndiki vəziyyətiniz daha yaxşıdır. Sənin köməyin çox dəyib komandaya?

- Biz yerimizdən razıyıq. Məqsədimiz isə liqadakı yerimizi qorumaqdır. mənim köməyim deməzdim. Çünki məndən başqa komandaya 4 legioner də gəldi. Komandaya kömək olmaq üçün əlimizdən gələni edirik.

- Latviyaya, Latviya çempionatına,"Qrobina"ya tam olaraq uyğunlaşmısan? Çox çətin alınmadı adaptasiya dövrü? Ən əsası, adaptasiya dövründə əsas məqamlar hansı idi?

- Bəli, tam adaptasiya olduğumu deyə bilərəm. Çox da çətin alınmadı. Ən çətini oyunun tempinə uyğunlaşmaq oldu. Amma o da düzəldi və artıq hər şey qaydasındadır, heç bir çətinlik qalmayıb.

- Latış dilində öyrənməyə başlamısan, yoxa rus dilində bilməyin sənə bəs edir? Səncə, Latviyada uzun illər qalacaqsan?

- Dil barədə problemim yoxdur. Rus və ingilis dillərində danışıram. Bu da mənə ünsiyyət üçün yetərli olur. Latviyada nə qədər qalacağımı isə dəqiq bilmirəm. Müqaviləm noyabra qədərdir. Sonra necə olacağını zaman göstərəcək. Yaşayarıq, görərik.

- Növbəti turda oyununuz çempionatın lideri "RFS" klubuna qarşıdır. Bu görüş özünü göstərməyin üçün yaxşı şansdır? Ümumiyyətlə, "Qrobina"da oynayaraq iddialılar sırasında olan "RFS", "Riqa" kimi komandalara keçmək ehtimalın nə qədərdir? Artıq səninlə maraqlananlar var, yoxsa tezdir?

- Top 4 komandaya qarşı oynamaq çox çətindir. Çünki onların maliyyə imkanı və oyunçu keyfiyyətləri bizdən daha üstündür. Mənim üçün hər oyun şansdır. Əlbəttə ki, futboldur, bilmirsən oyuna kim baxır, haradan izləyirlər. Hər matça 100 faizimi verməyə çalışıram. Hələ ki, maraqlanan yoxdur. Hər halda, burada sadəcə 5 oyun keçirmişəm.

- Latviya klubunda daim oynayırsan. Azərbaycan millisinin isə qarşıda toplanışı, oyunları olacaq. Necə düşünürsən, Fernandu Santuş Latviyadan futbolçu çağırar milli komandaya? Bunu real hesab edirsən?

- Məncə, indi real deyil. Çünki daha yüksək liqada və komandalarda oynayan oyunçularımız var.

- Latviya çempionatının vəziyyəti, səviyyəsi barədə hansı fikirdəsən? Azərbaycan çempionatından çox geridədir?

- Top 4-5 komanda bizim Premyer Liqa səviyyəsindədir. Ancaq qalan komandaların maliyyə imkanları aşağı olduğuna görə bizim əsas liqamızdan bir az geridədir. Hazırkı vəziyyət belədir.

- Adət etdiyimiz qədərilə azərbaycanlı futbolçular legioner həyatı yaşamağa üstünlük vermir. Amma sən İspaniya, Şimali Makedoniyada legioner həyatı yaşamısan. İndi isə Latviyadasız. Maraqlıdır, azərbaycanlıların legioner həyatına üstünlük vermədiyi vaxtda sən niyə bunu edirsən? Azərbaycan klublarından yaxşı təklif yoxdur deyə, xaricə üz tutmusan, yoxsa özünü Azərbaycandan kənarda görürsən?

- Düzünü deyim, həm təklif yoxdur, həm də məncə Avropada oynayaraq harasa getmək üçün daha çox şans qazanıram. Üstəlik, məncə futbolçu komfort zonasından çıxanda daha üstün performans göstərir. Ona görə də, həmişə legioner həyatı yaşamağı istəmişəm. Bunu da edirəm. Əlbəttə ki, gələcəkdə daha üst liqalarda oynamağı arzulayıram. Alınarsa, əla olar.

writer photo
Əlirza Əlirzalı
0