Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.
O, II Liqanın XXV turunda, "Kürmük Qax"la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.
Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra - 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.
Qeyd edək ki, "Füzuli" - "Kürmük Qax" qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.