Orxan Əliyev: "Həmin an gəldi" - MÜSAHİBƏ
06.09.2023 - 13:17
Orxan Əliyev: "Həmin an gəldi" - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın bombardiri Orxan Əliyevin apaasport.az saytına müsahibəsi

- Premyer Liqada "Kəpəz"lə matçda komandanız qələbə qazanmağı bacardı. Qarşılaşma sizin üçün necə alındı, qələbəni istədiyiniz oyunla qazandınız?
- Bilirdik ki, “Kəpəz” evdə yaxşı oynayır. Ona görə də, ciddi hazırlaşmışdıq. Bu qələbə bizim üçün çox vacib idi. Çətin olsa da, meydanda sona qədər mübarizə apardıq və qələbəni əldə etdik.

- Bu matçda dubl etdin. Demək olar ki, sənin üçün ikiqat sevindirici oyun oldu?
- Təbii ki, iki qol vurduğuma görə çox xoşbəxt idim. Komandaya qələbə qazandırdığım üçün şadam. Bundan yaxşı nə ola bilər? Hər oyunda komandama kömək etməyə çalışıram. 

- Maraqlıdır ki, nə yaxşı penaltini sənin vurmağına şərait yaratdılar? Komanda bu sənə tapşırılıb?
- Bəli, “Araz-Naxçıvan”da oynadığım vaxtdan penaltiləri hər zaman mən vururam. Bu dəfə də etimad göstərdilər, güvəndilər. Mən də qolumu vurdum. Lazım olanı etdim. Bu da məni çox sevindirdi.

- Bundan əvvəlki matçlarda da qol imkanın olurdu, amma iki dəfə dirək qol vurmağına imkan verməmişdi. Demək olar ki, Gəncədəki iki qolla bu uğursuzluq baryeri aşdın və davamı gələcək? 
- Doğrudur, əvvəlki matçlarda da qol imkanlarım olurdu. Amma mən artıq həmin epizodlar haqda düşünmürəm. İşim qol vurmaqdır və bunun üçün işləyirəm. Bilirdim ki, qollarımı vuracam. Sadəcə zaman lazım idi. Həmin an da gəldi. Bu cür davam etmək lazımdır. Dayanmadan işləyirəm. 

- Ötən mövsüm komandanın kapitanı idin. Ancaq kapitanlığın yayda komandaya cəlb edilmiş Kurdiçə verilməsi sənin üçün hörmətsizlik kimi qəbul etmədin ki?
- Bu haqda nəsə demək istəmirəm. Çünki komandamızın baş məşqçisi var. Bu suallar onun danışa biləcəyi məsələlərdir. Mən futbolçuyam və ancaq komandama kömək etmək düşünürəm. 

- Premyer Liqada illər əvvəl də oynamışdın. Artıq indi daha təcrübəli kimi qayıtmısan. Əvvəlki liqa ilə indiki arasında hansı fərq görürsən?
- Böyük fərq görmürəm. Amma məncə, əvvəl futbola daha böyük maraq var idi. 

- "Araz-Naxçıvan" liqaya yeni gəlsə də, yetərincə yaxşı oynayır, iddialı kimi görünür. Səncə, avrokuboklara vəsiqə qazanmağınız realdır?
- Hər şeyi zaman göstərəcək. Təbii ki, qarşımıza böyük məqsədlər qoyulub. Bunun üçün işləməyə, mübarizə aparmağa çalışacağıq.

writer photo
Əlirza Əlirzalı
0