Orxan Əliyev: "Tək təklifim "Kəpəz"dən deyildi" - Müsahibə
17.08.2024 - 17:17
Orxan Əliyev: "Tək təklifim "Kəpəz"dən deyildi" - Müsahibə

Ötən mövsüm "Araz-Naxçıvan"ın heyətində uğurlu performans sərgiləyən Orxan Əliyevin daha iddialı kluba keçəcəyi gözlənilsə də, o, "Kəpəz"lə anlaşdı. Apasport.az saytına müsahibə verən forvard həm seçimi, həm də legioner həyatı yaşamaq şansı haqda danışıb.

-"Kəpəz"ə transferin necə baş tutdu? Sənə çoxdan təklif olmuşdu, yoxsa son anda gəldi?
-Onlar məni öz komandalarında görmək istəyirdilər. Mənimlə əlaqəyə keçdilər. Baş məşqçi və klub rəhbərliyi ilə danışdıq. Bütün suallara aydınlıq gətirildi. Sonda da "Kəpəz"lə rəsmi müqavilə imzaladım.

-Maraqlıdır ki, niyə məhz "Kəpəz"i seçdin? Yəqin ki, tək təklifin "Kəpəz"dən deyildi?
-Bəli, mənim tək təklifim "Kəpəz"dən deyildi. Başqa klublardan da dəvətlər var idi. Ancaq "Kəpəz" daha çox təşəbbüs göstərdi ki, onlarla müqavilə imzalayım. Ona görə də transfer baş tutdu.

-Keçidə Adil Şükürov səni razı saldı, yoxsa İlqar Nadiri? Maliyyə məsələlərində də istədiyini verəcəklər?
-Bəli, İlqar Nadiri ilə danışdım. O da mənə hər şeyi başa saldı. Sonra baş məşqçi Adil Şükürovla söhbət etdik. Dedi ki, artıq vaxtıdır və çox vaxt itirməyə də ehtiyac yoxdur. Mənə oynamaq lazım gəldiyini söylədi. Mən də onun məsləhətlərinə qulaq asdım. Adil müəllimi çoxdandır ki, tanıyıram. Aşağı yaş qruplarından ibarət Azərbaycan yığmasında baş məşqçim olub. "Araz-Naxçıvan"da da birlikdə idik. Onunla hər zaman məsləhətləşirdim. Məncə, hər şey yaxşı olacaq

- Bildiyim qədərilə Qırğızıstan və Albaniya liqalarından təkliflər gəlmişdi sənə. Maraqlıdır, niyə oralara getmədin? Maliyyə məsələləri razı salmadı, yoxsa başqa problem var idi?
-Bəli, bu ölkə klublarından təklif almışdım. Çempionatın sonunda menecerlər mənimlə kontakta keçdilər. Düzü, şərtlər də yaxşı idi. Onlara dərhal cavab verməliydim. Amma düşündüm ki, hələ tezdir. Nəticədə mən oralara getməmək qərarı aldım və digər variantları gözləməyi düşündüm. Bəlkə də, həmin ölkələrdən gələn təkliflərlə dərhal razılaşmalı idim. Amma nə etmək olar? Artıq seçimimi etmişəm. Ümidvaram ki, hər şey daha da yaxşı olacaq.

- "Araz-Naxçıvan"a geri qayıdışın da an məsələsi idi. Sabiq klubuna qayıtmamağın nə ilə bağlıdır? Onlar səni istəyirdi?
- "Araz-Naxçıvan"ın oyununda oldum. Klubun direktoru ilə görüşdüm. Söhbətləşdik və vəziyyəti mənə izah etdi. Mən də ona qulaq asdım. Amma düzünü deyim, onların məni klubda görmək üçün təşəbbüs göstərdiklərini görmürdüm. Lakin "Kəpəz" bu məsələdə daha çox təşəbbüs göstərdi. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Bu klubda 2,5 il keçirdim. Orada məni sevdilər. Amma nə etmək olar, futbolda belə hallar baş verir.

- Kəpəz"də əvvəllər də oynamısan. Əvvəlki anları necə xatırlayırsan? İndiki durum daha çox fərqlənir?
- İndi “Kəpəz”in çox yaxşı bazası və məşq üçün şəraiti var. Gələn il stadionun tikintisi başa çatacaq. Burada məni yaxşı qarşıladılar, azarkeşlərlə danışdıq, məni yaxşı qarşıladılar, mənə inanırlar. Klubu və azarkeşləri sevindirmək üçün hər şeyi etməyə çalışacam.

- Keçən il "Araz-Naxçıvan"da yaxşı, effektiv oynadın və gözləmək olardı ki, yayda daha iddialı və güclü kluba keçəcəksən. Amma ötən sezon Premyer Liqada 9-cu pilləni tutan kluba keçdin. Yəqin ki, özün də ötən sezonku performansına görə daha artığını gözləyirdn?
- Təbii ki, futbolçu həmişə yaxşı kluba düşmək istəyir. "Kəpəz"in futbolumuzda böyük tarixi var. Ümidvaram ki, bu klub 2-3 ildən sonra öz tarixini davam etdirəcək. Sadəcə vaxt lazımdır. Hər şey tədricən baş verir. Hazırda “Kəpəz”in dəstəyə ehtiyacı var. Düşünürəm ki, bu da tezliklə baş verəcək. Hər şeyin bir vaxtı var.

- "Kəpəz"də əsas hədəf nədən ibarətdir? Komanda sonuncular arasında göstərilir. Bu haqda və "Kəpəz"dəki hədəfin barədə nə deyəcəksən?
- “Kəpəz”i qiymətləndirmək olmaz. Çempionat hələ yeni başlayıb. Komanda tədricən formalaşır. Ümid edirəm ki, klubda olan futbolçular məsuliyyətin nə olduğunu başa düşməlidirlər və hər şeyi etməlidirlər ki, “Kəpəz” turnir cədvəlinin zirvəsində olsun.

writer photo
Əlirza Əlirzalı
0