Bu gün AFFA-nın inzibati binasında keçirilən Peşəkar Futbol Liqasının (PFL) konfransında quruma yeni prezident seçilib.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Ramin Musayevi bu postda əvəzləyən Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakıda anadan olub.
O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. Səmədov 1995-1999-cu illərdə həmin universitetdə aspirantura təhsili alıb. 2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da oxuyan yeni rəhbər 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə isə Vaşinqton şəhərində “Georgetown University” “International Law Institute”da təhsil alıb.
Elxan Səmədov 1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində, 1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri, 2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində işləyib.
Səmədovun futbolla tanışlığı 2009-cu ilə təsadüf edir. O, ilk olaraq 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
2021-ci ildən bugünədək isə AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışır. Səmədov eyni zamanda UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.
Azərbaycan, rus, ingilis və türk dillərini bilən Elxan Səmədov evlidir, bir övladı var.