Avropa Liqalarının 46-cı Baş Assambleyası Çexiyanın paytaxtı Praqada baş tutub.
Apasport.az xəbər verir ki, Avropanın 34 ölkəsindən 40 liqanın 80-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Azərbaycanı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.
Görüşün ilk günündə PFL rəsmiləri Avropa Liqalarının icraçı direktoru Cakko Svart ilə təkbətək görüş keçiriblər. Görüş zamanı PFL-in 2013-cü ildən beynəlxalq qurumun tam hüquqlu üzvü olması, son 1 ildə isə əməkdaşlığın daha da yaxşılaşdırılması, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfərin ilk günündə PFL rəsmiləri 2 seminara qatılıblar. Həmin seminarlarda liqaların ümumi vəziyyəti, 2024-2027-ci illəri əhatə edən proqramlar, futbolda maliyyə dayanıqlılığı mövzusunda müzakirələr aparılıb, digər ölkələrin təcrübəsi öyrənilib.
Avropa Liqalarının Baş Assambleyası səfərin son günündə reallaşıb. İspaniya La Liqasının prezidenti Xavyer Tebasın çıxış etdiyi yekun görüşdə Danimarka, Norveç, İngiltərə, İtaliya kimi ölkələrin nümayəndələri də təcrübələrini bölüşüblər.
Qeyd edək ki, səfər zamanı PFL nümayəndələrinin tədbirdə iştirak edən bir sıra liqaların rəhbərliyi ilə təkbətək görüşü də baş tutub.