“Kişilərdən ibarət yığmaya hansı şərait yaradılıbsa, qadın millisinə də o şərait yaradılıb”.
Bunu apasport.az saytına müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.
O, Azərbaycanın qadın idmançılarının bu il “Böyük Dəbilqə” yarışlarından kənar qalmasının səbəblərini izah edib: “Sadəcə, qadın millimizin öz proqramı var. Parisdəki “Böyük Dəbilqə”də gedib ilk görüşdə uduzmaqdansa, nisbətən münasib yarışa getmələri məqsədəuyğun hesab edilir. Biz buna qarışmırıq. Buna qərarı baş məşqçi Rəşad Məmmədov verir. Noyabrda bizə verilən planda onların Portuqaliya Qran Prisində güləşəcəyi, Paris və Təl Əvivdə olmayacaqları yer almışdı. Daşkənddəki “Böyük Dəbilqə”də iştirak etməliydilər, onların səfərini ləğv etdik. Ancaq Göygöldəki təlim-məşq toplanışı zamanı əsas idmançılarımızın bəziləri xəstələndiyindən, ora gedə bilmədilər. Ona görə də onların iştirakı martın sonu Tbilisi və Antalyadakı “Böyük Dəbilqə” yarışlarında nəzərdə tutulub”.
Qeyd edək ki, qadın millilərimiz bu il Portuqaliya Qran Prisi və Varşavadakı Avropa Açıq turnirlərində çıxış etsələr də, medal qazana bilməyiblər.
Səbuhi Musa